Dünyəvi dövlətin və dinin qızıl ortağı Azərbaycan
21 İyun 2024 10:29 Siyasətİlham Əliyev millətin ruhani-mənəvi dəyərlərinin qoruyucusudur
Planetar təfəkkürlü dövlət xadimi olan Prezident İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq "Dövlət canlı orqanizmdir - daim genişlənməlidir" geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş və səmərəli əməkdaşlıq yolu ilə gerçəkləşdirən ölkə rəhbəridir. Millət vəkili, tarixçi alim Musa Qasımlı qeyd edib ki, bir zamanlar Azərbaycan dövləti borc istəsə də verməzdilər. Çünki sabaha, borcun necə qaytarılacağına ümid yox idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində vəziyyət dəyişib. Bu gün Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan və digər ölkələrdə Azərbaycan kapitalının çəkisi artıb: "Bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Azərbaycan enerji təhlükəsizliyini təmin edən ölkədir". Mİllət vəkili bildirib ki, həlli mümkün olmayan hesab edilənləri gerçəkləşdirənlər dahilər olur: "Ərazisi baxımından kiçik, əhalisinin sayı bir çox ölkələrdən az olmasına baxmayaraq, Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Transavropa və Transasiya dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Kars dəmiryolu təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində vacib rol oynayan və dünya siyasətində yerini gücləndirən kəmərlərdir. Azərbaycan dünyanın etibarlı tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevrilib və nəqliyyat təhlükəsizliyini təmin edən ölkədir. Şərq-Qərb, Şimal-Cənub və Orta dəhliz marşrutları ölkəyə uğur gətirir. Məlum olduğu kimi, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan qonşu və bəzi uzaq xarici ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ötən illər ərzində geniş aqrar layihələri həyata keçirərək nəinki ərzaq təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib, eyni zamanda xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edilir. Azərbaycan ənənəvi bazarlardan əlavə yeni bazarlara çıxışının coğrafiyasını genişləndirir. Ölkəmizi əlverişli satış bazarına çevirmək istəyən bəzi ölkələrin bazarında indi "Made in Azerbaijan" markalı məhsullar satılır.
Prezident İlham Əliyevin məqsədlərindən biri Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır. Bu da səbəbsiz deyildir. Tarixi təcrübə sübut edir ki, yalnız dövlətin böyüklüyü böyük zənginliklər yaradır və bu zənginliklər həyatın bütün sahələrinə aid olur. Təsir baxımından böyük olmayan dövlətlər böyük zənginliklər yarada bilmirlər. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti özündən ərazicə böyük olan qonşu və uzaq ölkələrə təsir edən güc halına gəlib. Bəzi dövlətlər məhz Azərbaycan ilə yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etməyə çalışırlar".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyətinin ilk 20 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni nəfəs gəlib. Maddi və qeyri-maddi irs qayğı ilə qorunub və bəzi nümunələri YUNESKO-nun siyahısına daxil edilib: "Dövlət başçısı millətinin dünya mədəniyyəti yaradan olduğunu bir daha sübut edərək ona böyük imkanlar açıb. Bu illər Azərbaycan mədəni irsinin etibarlı qorunması, mədəniyyətinin tərəqqisi illəridir. Azərbaycan Prezidentinin fəaliyyət sahələrindən biri ana dilinə qayğıdır. Qloballaşma şəraitində dövlət dilimizin qorunmasına dair sənədlərin imzalanması həm dilin mühafizəsini, həm də zənginləşməsini təmin edir. Özünün mükəmməl nitqi ilə Prezident İlham Əliyev Azərbaycan dilinin bütün gözəlliklərini və imkanlarını açıb göstərir və digərlərinə də nümunə olur. Prezident İlham Əliyev Azərbaycan tarixinə xüsusi qayğı göstərir. Onun sərəncamı ilə Bakıda minilliklər dövlətçilik tariximizin eksponatlarının toplandığı Dövlət Bayraq Muzeyi yaradılıb. Tariximizə bütöv halda, üzvi surətdə baxan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin, o cümlədən Ağdamda Qarabağ xanlarının iqamətgahı olmuş "Qərvənd" kompleksini təmir etdirməklə və başqa addımları ilə millətə tarixinə sahib çıxmaq üçün dərs verir, gələcək nəsillərə yol göstərir".
Millət vəkili qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olsa, din dövlətdən ayrı olsa da Prezident İlham Əliyev millətin ruhani-mənəvi dəyərlərinin qoruyucusudur: "Dinimizə və millətimizin minilliklərdən keçib gələn adət-ənənələrinə qayğı dövlət rəhbərinin fəaliyyətinin vacib sahələrindən biridir. Dini ibadət yerləri planlı şəkildə bərpa edilir. Ötən 20 ildə ölkəmizdə yeni məscidlər tikilib. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada və digər rayonlarda məscidlər inşa edilir. Din və dövlətin fəaliyyətlərini bir-birinə qarışdırmadan aralarındakı qızıl ortanı müəyyənləşdirib hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin böyük uğurlarındandır. Azərbaycan dini azadlıqlar ölkəsidir. Prezident İlham Əliyev həmçinin birləşdirici güc və milli birlik rəmzidir. Düşmənçiliyin, kin-küdurətin yad olduğu dövlət başçısı ötən bütün seçkilərdə ona səs verənin də, verməyənin də rəhbəri olduğunu göstərib. Məhz onun hakimiyyəti illərində keçmiş prezidentlər haqqında qanunun qəbul olunması ilə Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyət bərqərar edilib. Keçmiş prezidentlər və onların ailələrinin statusu müəyyənləşdirilib. Bu da tariximizin qürurverici bir ilkidir".
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasətinə çevirən ölkə başçısıdır: "Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasətinə çevirərək dünyaya bir örnək verib. O göstərdi ki, tək bayraq, tək vətən, tək dövlətdə tək millət olaraq bərabər yaşayan müxtəlif etnik qrupların mövcudluğu Azərbaycanın zənginliyidir. Ölkəmizdə heç bir etnik və dini ayrı-seçkilik yoxdur. Dövlətin yaratdığı şərait nəticəsində onların kültürlərinin birliyindən yaranan vahid Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Azərbaycan xalqı dünya mədəniyyəti yaradandır.Vatikanda, Parisdə və digər yerlərdə kilsələri, muzeyləri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təmir etməsi başlıca məqsədə nail olmağa xidmət etdi. Bununla da işğalçılıq siyasətinin xarakterini dəyişib ona dini don geyindirmək, xristian və islam dinləri arasında münaqişə kimi təqdim etmək cəhdlərinin qarşısı alındı, uydurma erməni təbliğatına ağır zərbə vuruldu. Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərabər fəaliyyət göstərməsi, onların rəhbərlərinin dövlət toplantılarında yanaşı oturması özlərini demokratik adlandıran bir sıra ölkələrə nümunədir. Dünyanın bir sıra ölkələrində Azərbaycanın multikulturalizm modeli öyrənilir. Uğur rəmzi olan Prezident İlham Əliyev millətin həyatına bayram günləri də daxil edən rəhbərdir. Hamı yaxşı bilir ki, 1991-ci ildən başlayaraq millətimizin tarixində şəhər və kəndlərimizin Ermənistan tərəfindən işğal edilməsi qara günlər kimi anılırdı. İnsanlar həmin günlərdə şəhid məzarlarını ziyarət edir, işğal günlərini xatırlayırdılar. Buna dövlət başçısı son qoydu. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi bayram edilir. Bunlar sadəcə şəhər günləri deyil, tarixi unutmadan millətin özünə inamı və başını uca tutması, qalibiyyət və məğrurluq hisslərinin nəsildən-nəsilə ötürülməsi günləridir".
Alim Hüseynli