Bütün Fransa arsenalı da Ermənistana yığılsa, heç bir əhəmiyyəti yoxdur - ÖZƏL
20 İyun 2024 15:47 Siyasət"Cənubi Qafqazda Fransa və digər imperialist qüvvələr Azərbaycanla Ermənistan arasında gərginliyim davam etməsində maraqlıdırlar. Bunun üçün Fransa ənənəvi şəkildə Ermənistanı qızışdırmaq siyasətindən əl çəkmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:
"Son dövrlərdə də Ermənistanı silahlanma yarışına təşviq etmək istəyir və onu silahlandırır. Öncə bunu vurğulayaq ki, Ermənistanın Azərbaycanla silahlanma yarışına girəcək iqtisadi və digər qabiliyyətləri yoxdur. İkinci bir tərəfdən Fransa silahlarının Ermənistan ordusuna xüsusi bir şey qatacağını da gözləmirik. Fransa çalışır ki, Ermənistana silah yardımı, Aİ ilə Ermənistan arasındakı münasibətlərdə vasitəçilik edərək Ermənistandakı mövqeləri qoruyub saxlasın. Lakin son proseslər bunu çox yaxşı göstərir: artıq Ermənistan hökuməti ən azından bunun fərqinə varıb ki, Azərbaycanla sülh olmadan Ermənistan nə bölgədə, nə də öz daxilində hər hansı bir uğur hekayəsi əldə edə bilməyəcəkdir. Çünki Ermənistanın normal, sivil şəkildə inkişafı da, hər hansı bir uğur əldə etməsi də sadəcə və sadəcə Azərbaycanla imzalayacağı sülh müqaviləsindən keçir. Sülh müqaviləsi olmadan bütün Fransa arsenalı da Ermənistana yığılsa, heç bir əhəmiyyəti yoxdur".
Zeynəb Rzayeva