Azərbaycanın mina sahəsində təcrübəsi gələcəkdə dünya dövlətləri üçün çox faydalı olacaq - ÖZƏL
20 İyun 2024 15:45 Siyasət"Bu gün Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biri olaraq ərazilərin minalardan təmizlənməsi işini yüksək səviyyədə aparır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ölkəmiz bu istiqamətdə həm lazımi təcrübəni toplayır, həm də ərazilərin minalardan təmizlənməsi ilə erməni işğalının cinayətkar izlərini bu torpaqlardan silmək yönümündə böyük nəticələr əldə edir.
Təəssüf ki, Azərbaycan bu işdə təkdir. Necə ki, 30 illik işğal dövründə Azərbaycanı işğalçılarla üz-üzə qoymuşdular. Bu dəfə də işğalçılardan qalmış pis miras olan minaların zərərsizləşdirilməsi cəbhəsində Azərbaycan əsasən öz imkanları hesabına hərəkət edib.
Dəfələrlə Azərbaycan müraciət edib, beynəlxalq tşkilatlara, müəyyən dövlətlərə müraciətlər olunub. Xüsusilə də ərazilərin minalardan təmizlənməsi üçün kadrlarla Azərbaycana dəstək verilməsinə, ölkəmizin böyük ehtiyacı olduğu halda, dünyanın yüksək ideallardan, insan haqlarından danışan ölkələri hələ də bu məsələyə laqeyd baxırlar və Azərbaycana minalardan təmizlənməsi sahəsində təcrübəsi olan ixtisaslı kadrlarla dəstək verməyə o qədər həvəs göstərmirlər.
Beləliklə, Azərbaycan həm əraziləri özünün maliyyə imkanları hesabına təmizləyir, həm təmizləmə işləri ilə məşğul olan olan kadr korpusu yetişdirir, həm də ərazilərin minalardan təmizlənməsi sahəsində çox böyük təcrübə toplayan laboratoriyaya çevrilməklə gələcəkdə bu sahədə dünya dövlətlərinə fayda vermək məqsədini hədəfləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın ərazilərin minalardan təmizlənməsində artıq böyük təcrübəsi va və prezidentin köməkçisinin elə bu günlərdə Zəngilandakı minalar əleyhinə keçirilən beynəlxalq konfransda ifadə etdiyi kimi Azərbaycanın bu sahədə təcrübəsi gələcəkdə dünya dövlətləri üçün çox faydalı olacaq.
Çünki bu gün dünya dövlətlərinin böyük hissəsi minalarla çirklənib. Məlumatlara görə, milyon yarımdan artıq belə minalar dünya ölkələrini hədələməkdədir və Azərbaycan da minalarla ən çox çirklənmiş 10 ölkənin sırasında olmaqla həm özünü bu bəladan xilas edir, həm də gələcəkdə onun qurbanı olmuş və olacaq ölkələrin bu bəladan xilas olunmasında öz təcrübəsini göstərmək üçün çalışır.
Azərbaycanın minalara qarşı mübarizəsi təkcə milli əhəmiyyətli məsələ deyil. Bu, həm də qlobal əhəmiyyətli bir məsələdir. Dediyimiz kimi, ən azı başqa dünya dövlətlərinin də minalardan təmizlənməsi işinin praktikasının təkmilləşdirilməsinə Azərbaycanın töhfəsi var ki, bu, gələcəkdə böyük nəticələr verəcək.
İkinci bir tərəfdən, Azərbaycan ərazilərin minalardan təmizlənməsini bu gün həqiqətən bir qlobal prosesə çevirmək üçün lazım olan təşəbbüsləri göstərir. Təsadüfi deyil ki, ərazilərin minalardan təmizlənməsini Azərbaycan BMT-nin 2030-cu ilə qədərki inkişaf məqsədləri sırasına 18-ci məqsəd olaraq daxil edilməsi təşəbbüsü ilə çıxış edib ki, bu olduqca böyük əhəmiyyətli bir şeydir. Çünki bir tərəfdən minalarla mübarizənin həm qloballaşma tempini artırır, həm də dünya dövlətlərinin diqqətini 18-ci məqsəd olaraq bu məsələyə cəlb etmək üçün öz təsirini göstərir. Həqiqətən ərazilər minalanıbsa, bu, insan həyatı üçün, iqlim üçün təhlükədir. Çünki artıq mütəxəssislər və alimlər bu fikirdədirlər ki, torpağın altında qalan minalar həmin ərazilərin çirklənməsinə və ekologiyanın zərərli bir səviyyəyə çatmasında öz təsirini göstərir. Hətta bu günlərdə beynəlxalq konfransda bir fikir eşitdim. Sellofan torbalar okeanda 200 ilə qədər mövcud ola bildiyi halda, yəni 200 ildən sonra əriyib getdiyi halda torpağın altındakı minaların təsirləri və ziyanları daha uzunmüddətli təhdid mənbəyi olaraq qalıb. Ona görə də Azərbaycanın öz ərazilərinin minalardan təmizlənməsi nə qədər çətin olsa da, həm milli əhəmiyyətli bir missiyadır, həm də qlobal miqyasda böyük əhəmiyyət daşıyan bir prosesdir. Təəssüf ki, Azərbaycan hələ ki, bunu yalnız öz imkanlarş ilə aparır, maddi-maliyyə olaraq. Amma yəqin ki, yaxın gələcəkdə dünya dövlətləri bu məsələdən lazımi nəticəni çıxaracaqlar və Azərbaycana lazım dəstəyi verəcəklər".