Ermənistan bu iddialardan əl çəkmək fikrində deyildir- ÖZƏL

"Qondarma "erməni soyqırımı" iddiası dünya erməniliyi, erməni diasporası tərəfindən Türk dövlətlərinə, Türkiyə və Azərbaycana qarşı illərdir aparılan saxta və heç bir tarixi sübutları olmayan bir kampaniyadır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Şübhəsiz ki, qondarma erməni soyqırımını ortaya atmaqla və dünyanın aparıcı dövlətlərində bununla bağlı müxtəlif qanun və qətnamələr qəbul etdirməklə məqsəd Türkiyəni, bütövlükdə Türk dünyasını və Azərbaycanı zəiflətmək və bir-birindən ayırmaq məqsədi daşımışdır. Hər il 24 Aprel tarixində erməni diasporası və Ermənistan rəsmi səviyyədə saxta soyqırımı qurbanlarının xatirəsini qeyd etməklə bu məsələnin dünya gündəmində qalmasında və Türkiyəyə təzyiq kimi istifadə edilməsindən yana olub. Bu gün də bu siyasət davam edir, belə görünür ki, nə dünya erməniliyi, nə də ki, rəsmi İrəvan 100 ildən artıq tarixi olan və heç bir tarixi sübut və əsasları olmayan qondarma soyqırım iddialarından əl çəkmək fikrində deyildir, əks halda bununla bağlı hər il təntənəli tədbirlər keçirilməzdi. Rəsmi İrəvanın da öz növbəsində bununla bağlı siyasi iradə nümayiş etdirdiyinin şahidi olmuruq, ölkə konstitusiyası və rəsmi sənədlərdə hələ də qondarma soyqırım iddiaları qalmaqdadır və Ermənistan hələ ki, öz konstitusiyasına dəyişiklik etmək fikrində deyil kimi görünür. 
Azərbaycan hər zaman Ermənistanın və erməni diasporasının qondarma soyqırım iddialarına qarşı amansız mübarizə aparıb və bu siyasətin dayandırılması üçün Ermənistana təzyiq edib. Təəssüf ki, Ermənistanın rəsmi dövlət rəmzlərində Türk dünyasına nifrət və soyqırım iddialarını daşıyan elementlər qalmaqdadır və bu onu göstərir ki, Ermənistan bu iddialardan əl çəkmək fikrində deyildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31