Azərbaycan COP29-da dünyaya ilkin bir konsepsiya təqdim etmək niyyətindədir - ÖZƏL
20 İyun 2024 14:57 Siyasət"Azərbaycan COP29-a çox ciddi hazırlıq prosesinin içindədir. Demək olar ki, çox qısa fasilələrlə ayda bir neçə dəfə Azərbaycanda bu böyük konfransa hazırlıq çərçivəsində müxtəlif beynəlxalq formatlı tədbirlər keçirilir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Həm Bakıda, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu tədbirlərin keçirilməsi bir daha onu göstərir ki, doğrudan da ölkə bu işə çox məsuliyyətlə yanaşır və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edir.
Artıq COP29 Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həm əməli, həm də ideoloji-nəzəri müstəvidə mühüm töhfələr verməkdə olduğunu göstərir. Artıq biz Azərbaycanın bir neçə təşəbbüsün şahidi olmuşuq. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə prosesinə COP29 çərçivəsində əməli töhfələr və real proqramlar təqdim etmək niyyətindədir. Bu gün nəzərə alaq ki, Azərbaycan Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış COP29 ərəfəsində keçirilən konfransa etdiyi müraciət də bunu göstərir ki, Azərbaycan COP29-da dünyaya ilkin bir konsepsiya təqdim etmək niyyətindədir. Bu konsepsiya ədalət və hərətrəfli yanaşma prinsipinə söykənir. İnkişaf etmiş ölkələrin məsuliyyətinin müəyyənləşdirilməsinə, inkişaf etməkdə olan ölkələrlə bağlı ayrıca baxış sistemini nümayiş etdirilməsinə, eləcə də kiçik ada ölkələrinə dəstək verilməsi ilə bağlı məsələləri hərtərəfli şəkildə işlənmiş formada ortaya qoymaq məqsədinə xidmət edir. Azərbaycan Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransa etdiyi müraciətdə bu məsələlər öz əksini tapıb. Xüsusilə də çox dəyərlidir ki, 2025-ci ildən sonrakı dövrdə iqlim dəyişmələri ilə mübarizə üçün maliyyə təminatının daha da yaxşılaşdırılması və onun yeni hədlərinin, hədəflərinin müəyyənləşdirilməsi artıq Azərbaycanın qarşıya qoyduğu məqsədlərdən, vəzifələrdən biridir. Hansı ki, bu, təkcə Azərbaycanın vəzifəsi deyil, bu, Azərbaycanın, bütün dünya dövlətlərinin qarşısına 2025-ci ildən sonrakı dövrdə iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə qoyduğu konkret hədəfdir. Yəni iqlim dəyişmələri ilə uğurlu mübarizə aparmaq üçün birinci növbədə, onun indiki şəraitdə və bundan sonrakı dövrdə daha yaxşı maliyyə təminatı olmalıdır.
Digər tərəfdən, prezidentin müraciətində inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə mübarizədə maliyyə təminatının daha da yaxşılaşdırılması məsələsi bir daha önə çəkilib. Bu da əlbəttə, inkişaf etməkdə olan ölkələr bu gün dünyanın iqtisadi sektorunda çox böyük rola malik olan ölkələrdir. Aydın məsələdir ki, onlar iqlim dəyişmələri ilə mübarizəyə, məsələn, Azərbaycan kimi ölkələr, öz töhfələrini verməyə hazırdırlar. Bu istiqamətdə Azərbaycan kimi ölkələrə maliyyə cəhətdən dəstəyin verilməsi olduqca vacibdir.
Prezidentin müraciətində diqqət çəkən mühüm məsələlərdən biri də kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə mübarizədə üzləşdikləri çətinliklərə dəstək verilməsi ilə bağlıdır. Bu olduqca vacib bir məsələdir. Çünki Azərbaycan pandemiya dövründə kiçik ada dövlətlərinin müdafiəsi üçün, necə ki, patronajlıq funksiyasını üzərinə götürmüşdü, bu gün də iqlim dəyşmələrinin fəsadları ilə mübarizədə kiçik ada dövlətlərinin problemlərini qabartmaqla eyni patronajlığı bir daha üzərinə götürür. Çünki kiçik ada ölkələrini götürəndə, dünyada qlobal iqlim dəyişməsində o qədər də nisbətən böyük məsuliyyəti yoxdur. Amma iqlim dəyişmələri nəticəsində bu ölkələr də digər ölkələr kimi çox ziyan çəkirlər. Həm bu ölkələrin sabit iqtisadi inkişafında ciddi problemlər yaranır, həm də əhalinin yaşayışında məhz iqlim dəyişmələrinin mənfi nəticələrdən doğan bir sıra çətinliklərə rast gəlinir.
Ona görə də, kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə mübarizədə qarşılaşdıqları çətinliklərə xüsusi yanaşmalar tələb olunur ki, Azərbaycan hazırda bu mövqedədir və Azərbayan Prezidentinin konfrans iştirakçılarına göndərdiyi müraciətdə də bu öz əksini tapıb.
Bir sözlə, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə konfransına sadəcə ev sahibliyi etmək üçün hazırlaşmır. İqlim dəyişikliyi ilə mübarizədə dünyaya tam yeni bitkin bir konsepsiya vermək niyyətindədir. Hansı ki, bu konsepsiya həm də dünya dövlətlərinin, inkişaf etmiş, inkişaf etməkdə olan və yoxsul ölkələrin həm nisbi məsuliyyətini müəyyənləşdirir, həm ölkələrin iqlim dəyişmələri ilə mübarizədə verməli olduğu töhfələri müəyyənləşdirir və həm də bu ölkələri iqlim dəyişmələri ilə mübarizədə daha möhkəm həmrəylik mövqeyinə keçmək üçün təşviq edir. Azərbaycanın dediyi bundan ibarətdir ki, iqlim dəyişmələri ilə daha məqsədyönlü mübarizə aparmaq üçün dünya ölkələri əlbir, həmrəy olmalıdırlar. Burada günahkar axtarmaq yox, neft-qaz ölkələrini daha çox günahkar çıxmaq prinsipində yanaşmaq yox, bütün dünya dövlətlərinin imkanları çərçivəsində bərabər məsuliyyətinin ortaya qoyulması, bərabər töhfələrinin ortaya qoyulması və bu ölkələrin imkanlarının birləşdirilməsi ilə həmrəylik şəraitində iqlim dəyişmələrinin nəticələri ilə mübarizəyə çalışmaq lazımdır. Ən düzgün yol da budur. Prezidentin konfrans iştirakçılarına bugünkü müraciəti də məhz bu fikirlərin əsaslandırılmasına xidmət edir".