Mina məsələsi bizi uzun illər təqib edəcək görünməz düşməndir - ÖZƏL

"Mina məsələsi bizi uzun illər təqib edəcək görünməz düşməndir. Yəni minalardan tam olaraq qurtulmaq asan olan deyil. Bunu yalnız biz deyil, bütün dünya bilir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Mina gizli ölüm, gizli təqibçidir. Nə qədər axtarış aparılsa da, nə qədər təmiz təmizləmə işləri görülsə də, bütün minalardan bir anda qurtulmaq mümkün olan deyil. Xatırlatmaq istərdim ki, hətta İkinci Dünya Müharibəsi 80 ildir bitib, amma görürsünüz ki, İkinci Dünya müharibəsinin qalıqları olan minalar və partlamamış hərbi sursatlar hələ də adam öldürməyə davam edir. Yəni aradan bu qədər müddət keçib, minalardan partlamamış hərbi sursatlardan tam olaraq qurtulmaq mümkün deyil, eləcə də Qarabağ məsələsində. Azərbaycan dövləti əlindən gələni edir, sürətli bir şəkildə minalardan təmizləmə işləri aparılır. Amma görürsünüz, aradabir qəza olur, partlamalar olur, insan həyatı təhlükəyə düşür, kimisi şikəst, əlil olur, kimisi həyatını itirir və təəssüflər olsun ki, belə bir şəraitdə hələ də ermənilərə havadarlıq edənlər var. Yəni, göz görə-görə ermənilərin basdırdığı minalar adamları öldürür, şikəst edir. Amma buna baxmayaraq, bizim səsimizi eşitmək istəməyən qüvvələr hələ də qalmaqdadır. Bir şeyi unutmasınlar ki, nə olursa olsun, Azərbaycan öz haqq səsini sonadək çatdıracaq, biz bundan vaz keçən deyilik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31