Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi- ÖZƏL
14 İyun 2024 11:40 Siyasət"AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat tamamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başladı: "Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu öndərin yeritdiyi siyasi-iqtisadi siyasətin başında işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dururdu. Ulu öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi. Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti, ulu öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşmışdır. Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu".
Alim Hüseynli
Olaylar.az