Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu- ÖZƏL
14 İyun 2024 11:18 Siyasət"1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alındı".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fatma Yıldırımın sözlərinə görə, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı: "Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır".
Alim Hüseynli
Olaylar.az