Milli ideologiyanın formalaşmasında Ulu öndərin mühüm rolu olub- ÖZƏL
14 İyun 2024 10:03 Siyasət"Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ilk mühüm addımlarından biri də cəmiyyətimizin vahidliyinin təmin olunması məqsədilə milli ideologiyanın formalaşdırılması oldu. Lakin bu barədə danışarkən nəzərə almaq lazımdır ki, Ümummilli Lider hələ 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm addımlar atmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Bildirib ki, əgər Ulu Öndərimizin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı: "XX əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider öz fədakar fəaliyyətilə ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını yaratdı, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi".
Alim Hüseynli
Olaylar.az