Ərdoğan-Əliyev şəxsi dostluq amili türk dünyasının hamisinə çevrilib- ÖZƏL
13 İyun 2024 16:30 Siyasət"2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi tariximizin qürur səhifəsidir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Tarix boyu Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub. Bəyannamə isə bu məsələni rəsmiləşdirdi. Sənəd həm də həqiqətən, Azərbaycan-Türkiyə münasibətlərində açılan yeni bir səhifə oldu. 6 iyul 2024-cü il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərini isə xalqımız sevinclə gözləyir.
Müstəqil və özünü idarə edən dövlətlərin birliyinin milli formasını göstərərək addımların atılması olduqca önəmli amildir. Maraqların təmin edilməsi naminə inteqrasiya istiqamətində səylər birləşdirilməlidir. Məsələ həm də ondan ibarətdir ki, türk dövlətləri bu birliyi pozmağa çalışan, ailə böhranı yaratmağa cəhd edən dağıdıcı qüvvələrin şiddətli genişlənmək istəyinin təzyiqi altında güclənir. Həm ayrı-ayrılıqda, həm də Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən atılan mövcud addımlar, göstərilən səylər problemləri və fürsətləri müəyyən etmək üçün müxtəlif maraqlı tərəflərin perspektivlərini öyrənmək baxımından da istifadə edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında olan, sınaqlardan keçmiş səmimi dostluq münasibətləri bu iki ölkənin münasibətlərindən əlavə, TDT çərçivəsində də öz müsbət nəticələrini göstərir. Ərdoğan-Əliyevin şəxsi dostluq amili türk dünyasının hamisinə çevrilib. Qarabağın bərpa olunmasında Türkiyənin bu qədər dəstəyi digər türk dövlətlərini də təşviq etdi ki, əllərini daşın altına qoysunlar. Çünki Qarabağın bərpası milli məsələdir. Ümummilli Liderimiz Heydər Əliyev kimi cənab Prezident İlham Əliyev də incəsənətin həssas hamisi kimi ictimai şəxsiyyətlərin yaradıcılıqlarına hörmət əlaməti olaraq Qarabağın mədəni irsinin bərpasına olduqca böyük önəm verir. Bu işdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyevin Fondunun təqdirəlayiq, nümunəvi fəaliyyəti isə xalqımız tərəfindən olduqca yüksək dəyərləndirilir. Çünki milli kimliyin və birliyin təşviqində incəsənət, təhsil, idman kimi sahələrdə əməkdaşlıq da son dərəcə mühümdür. Təkcə o faktı vurğulamaq kifayətdir ki, Türkiyə- Azərbaycan Universitetinin yaradılması çox uzaqgörən addımdır. Mahiyyət etibarı ilə biz sadəcə siyasi deyil, mədəni həmrəyliyimizi də göstərə bilirik. Bu vahid bir siyasətdə, mədəni baxış bucağında birləşməyə çalışan dövlətlər üçün də örnəkdir. Məqsədyönlü siyasi platformaya nail olmaq üçünsə çox işlər görülməlidir. Bütünləşmiş, bütövləşmiş mərkəzi dil, düşünürəm ki, ən gözəl addımlardan biri olar. Azərbaycan-Türkiyə arasında müdafiə sənayesi istiqamətində təcrübə mübadiləsi ən əhəmiyyətli məsələlərdən biridir ki, bu, digər türk dövlətləri ilə də genişləndirilməlidir. Bu, müstəsna milli varisə çevrilməlidir. Əliyev-Ərdoğan dostluğu, əhdi, bu əhdin davam etdirilməsinin önəmi kimi ona layiq addımlar atmaq həyati əhəmiyyət kəsb edən, şəhidlərimizin canına-qanına vəd edilmiş torpağın əhəmiyyətindədir. Ən uc nöqtədə siyasətdə hər şeyi inkar etmək olar, eyni soyu, kökü, şəhid qanını isə əsla.
Türkiyə-Azərbaycan arasında olan milli birlik, bərabərlik, TDT daxilində milli dialoq həm təşkilat çərçivəsində, eləcə də dünya sülhünün təşviqində bərabər rol oynayır. Yəni, bu birlik heç kimə qarşı yönəlməyib. Türkün xislətində, qanında qonşu malına, yurduna göz dikmək olmayıb. Ermənistan bu gün daha da dərindən dərk etməlidir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi "Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır". Azərbaycan-Türkiyə regionun inteqrasiyası istiqamətində bütün səylərini birləşdirib, gücünü səfərbər edir. Ermənistan bu səylərə məhz öz gələcəyi baxımından zərbə vurmamalıdır.
Azərbaycanın Şanlı Zəfərlə əldə etdiyi təcrübəsi münaqişələrin həllində uğur qazanmış aktor kimi digər məzlum xalqlara nümunədir. Azərbaycan-Türkiyə qardaşlığı da düşünürəm ki, eyni soydan, kökdən olan dövlətlərə nümunə olmalıdır. Şuşa Bəyannaməsinin məhz 15 iyun-Qurtuluş günündə imzalanması Azərbaycan xalqının mübarizliyini sındırmağının heç zaman mümkün olmayacağının bir daha təsdiqi, Ümummilli Liderimiz Heydər Əliyevin etimadının doğruldulması, siyasətinə göstərilən rəğbətdir. Bu həm də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" unudulmayacaq ifadələrinin böyük xalqın iki dəyərli oğlu olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmiləşdirilərək zirvəyə qaldırılmasıdır".
Zeynəb Rzayeva
Olaylar.az