Ölkələrimiz arasında bütün sahələrdə geniş spektrli əlaqələr mövcuddur- ÖZƏL

"Azərbaycan-Türkiyə münasibətləri tarixdə heç vaxt olmadığı kimi yüksələn xətt üzrə inkişaf edir və bu münasibətlər, qardaşlıq əlaqələri dünya üçün bir nümunədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Son illərdə bunu daha aydın şəkildə görürük, çünki ilk növbətə bizi tarixi köklər, qədim bağlar, qardaşlıq telləri bağlayır, ona görə də "bir millət, iki dövlət" anlayışı çərçivəsinsə münasibətlərimizi nümunə ola biləcək səviyyəyə qaldırmışıq. Burada xüsusilə Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətlərini önə çəkməliyik. Eyni zamanda dövlətlərimiz və xalqlarımız arasında da qırılmaz və sarsılmaz tarixi, milli bağlılıqlar var. Ona görə də Türkiyə və Azərbaycan həmişə həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arena, siyasi platformalarda bir-birlərinə dəstək verib, qarşılıqlı etimadlarını göstəriblər. Ölkələrimiz arasında bütün sahələrdə geniş spektrli əlaqələr mövcuddur. İqtisadi, siyasi, mədəni, təhsil, elm, texnologiya-bütün sahələrdə ölkələrimiz arasında əməkdaşlıq daim inkişaf edir. Qarşılıqlı idxal-ixrac əməliyyatları, hətta bu əməliyyatların rekord həddə çatdırılması istiqamətində qarşıya böyük hədəflər qoyulub. Qarşılıqlı investisiyalar, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin həyata keçirilməsi və bu yönümdə Türkiyənin verdiyi böyük dəstək, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın haqq və ədalət mövqeyini bütün platformalarda müdafiə etməsi, Azərbaycana siyasi və mənəvi dəstək göstərməsini qətiyyətlə vurğulamalıyıq. Biz, qürur, fəxr hissi keçiririk ki, dünyaya nümunə olan, həsəd aparılası münasibətlərimiz var. Təbiidir ki, bu münasibətlər qarşıdakı dövrdə daha da yüksələn xətlə inkişaf edəcək. Biz, Türkiyə-Azərbaycan qardaşlığını daim irəli apara biləcəyik. Şuşada imzalanmış Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannaməni də vurğulamalıyıq. Müttəfiqlik bəyannaməsi hər iki ölkənin uzun illərə söykənmiş, möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığının, qarşılıqlı inam və etimadın göstəricisidir ki, biz qardaş Türkiyə ilə bu bəyannaməni imzaladıq və bu, həm hərbi, həm siyasi baxımdan bütün dünyaya mesajdır ki, bizim qardaşlığımız, müttəfiqliyimiz əbədidir və Azərbaycanın həm çətin, həm xoş günüdə Türkiyə qardaş kimi onun yanındadır. Azərbaycan da daim bu səmimi münasibətə qarşılıq verib".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31