Azərbaycan-Türkiyə Qurtuluş Günündə Şuşa Bəyannaməsi imzalamaqla dünyaya əlavə bir mesaj vermiş oldu - ÖZƏL
13 İyun 2024 13:25 Siyasət"Azərbaycanla qardaş Türkiyə arasında imzalanan istənilən sənəd hər iki dövlətin və hər iki xalqın faydası üçündür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, bu, bizim birliyimizin daha da möhkəmləndirilməsi, özəlliklə də, xarici təsirlərə qarşı birgə dirəniş baxımından çox vacibdir. Şuşa Bəyannaməsi də o sənədlərdən biridir, hətta ən vaciblərindən biridir. Çünki həm bəyannamənin imzalandığı məkan, həm də bəyannaməni imzalayan tərəflər, eyni zamanda, öz üzərlərinə götürdükləri öhdəliklər, vəzifələr bunu deməyə əsas verir. Yəni, Şuşa Azərbaycanın, türk dünyasının ən ümdə şəhərlərindən, məkanlarından biridir.
Azərbaycanla qardaş Türkiyə bu bəyannaməni məhz 15 iyunda - Azərbaycanın Qurtuluş Günündə imzalamaqla dünyaya əlavə bir mesaj vermiş olub. Aradan keçən bu qısa müddət ərzində həmin bəyannamə əlbəttə ki, iki ölkənin maraqları baxımından da öz sözünü deyib və mən düşünürəm ki, məhz Şuşa bəyannaməsinin işığında bizim dövlətlərimiz əlavə sənədlər də imzalayacaqlar, əlavə qərarlar da verəcəklər, ortaq fəaliyyətlərimiz də daha geniş olacaq. Onsuz da genişdir, amma daha da geniş olacaq. Yəni dünya Azərbaycanla Türkiyənin nə qədər bir birinə yaxın olduğunu elə bu bəyannamədən də görür, bundan öncə də görürür, bundan sonra da görəcək.
Əlavə olaraq, mən düşünürəm ki, belə bir bəyannamənin digər türk dövlətləri ilə də məhz Şuşada imzalanması çox yerinə düşərdi. Yəqin ki, Azərbaycan prezidentinin bu istiqamətdə də düşüncəsi yox deyil".