Şuşa Bəyannaməsinin Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyası üçün böyük tarixi əhəmiyyəti var - ÖZƏL
13 İyun 2024 11:44 Siyasət"Azərbaycanla Türkiyə arasında münasibətlərin bu qədər inkişaf etməsi təkcə iki dövlət arasındakı tarixi-mənəvi bağlarla əlaqəli deyil, eyni zamanda, iki ölkə rəhbəri cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq əlaqələri ilə də bağlıdır".

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"İşğaldan azad olunan Şuşa şəhərinə rəsmi səviyyədə səfər edən ilk xarici dövlət rəhbərinin cənab Rəcəb Təyyib Ərdoğan olmasının həm Azərbaycan, həm də Türkiyə üçün böyük mənəvi əhəmiyyəti var. Çünki Qarabağın, eləcə də, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını Türkiyə cəmiyyəti də böyük həyəcanla gözləyirdi. Bu baxımdan deyə bilərəm ki, Şuşa Azərbaycana olduğu qədər Türkiyə üçün də böyük mənəvi əhəmiyyəti olan şəhərdir. Şuşa türk dünyası üçün böyük mədəni mirasa sahibdir və gələcəkdə Şuşada türk dünyasını əlaqələndirən siyasi-iqtisadi tədbirlərlə yanaşı, mədəni tədbirlərin də keçiriləcəyinin anonsu verilib. Bu baxımdan Türkiyənin Şuşa şəhərində Baş konsolluq açmaq qərarı böyük əhəmiyyət kəsb edir. Şuşada imzalanan Şuşa Bəyannaməsi 20-ci əsrin əvvələrində imzalanmış Qars müqaviləsinin yeni və daha inkişaf etmiş, təkmil formasıdır. Bundan sonra Naxçıvan Muxtar Respublikasında olduğu kimi, Qarabağın təhlükəsizliyi də birbaşa Türkiyənin təminatı altındadır. Xüsusən, hərbi sahədə birgə əməkdaşlıq, eyni zamanda, tərəflərdən hansısa birinin ərazisinə hərbi təcavüz olarsa, digər tərəfin yardımının rəsmiləşdirilməsi düşünürəm ki, Azərbaycanla Türkiyə arasında artıq uzun illərdir pillə-pillə inkişaf edən dostluq, qardaşlıq və strateji müttəfiqliyin ən üst səviyyəsidir."
Həmsöhbətimizin sözlərinə görə, Şuşa Bəyannaməsinin Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyası üçün böyük tarixi əhəmiyyəti var.
Zeynəb Rzayeva, Olaylar.az