Fransanın beynəlxalq aləmdəki nüfusu günü-gündən əriməkdədir-Sultan Zahidov- ÖZƏL

"Fransada son bir neçə ildə etiraz dalğaları səngimək bilmir. Bunun da əsas səbəbi Fransanın hazırki hakimiyyəti və bu hakimiyyətin yürütdüyü yarıtmaz daxili və xarici siyasətdir".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Xaricdə Fransanın beynəlxalq aləmdəki nüfusu günü-gündən əriməkdədir. Artıq Fransanın nə Afrikada, nə Yaxın Orta Şərqdə, nə Uzaq Şərqdə əvvəlki statusundan əsər-əlamət qalmayıb. Fransanın sözünün çəkisi əvvəlki tək deyil. Bir çox məsələlərə müdaxilə etsə də, lazımi nəticə əldə edə bilməyib. Bu da ölkənin beynəlxalq imicinə mənfi təsir göstərib onun statusunu aşağı salan məqamlardandır. Daxildə də Makron hökumətinin qəbul etdiyi miqrasiya qanunu, sosial məsələlərlə bağlı qanun layihələri ölkə əhalisinin narazılığını artıran amillər sırasındadır. Makronun rəhbərliyi dönəmində Fransada artan islamafobiya, ksenofobiya, dini və milli azlıqlara qarşı diskriminativ siyasət xalqın fincanını daşıran son damla oldu. Belə olan halda da biz Fransada baş verən etiraz dalğalarına təəccüblənməməliyik. Digər tərəfdən də biz azadlıq, bərabərlik, qardaşlıq prinsiplərini rəhbər tutan, demokratiyadan dəm vuran, insan hüquqlarının carçısı rolunda dünyada jandarmeniya funksiyasını öz üzərinə götürmüş Fransanın daxilində insanlara qarşı bu kimi münasibətin göstərilməsinə təəccüb etməliyik. İnsanların sərbəst toplaşmağına maneəçilik törədilir. Polis tərəfindən insanlara qarşı zorakılıq tətbiq olunur. Bu da Fransanın beynəlxalq arenada təbliğ etdiyi prinsiplərə uyğun siyasət deyildir. İnsanları çoşduran bir digər amil də, Fransa dövlətçiliyini uzun illər boyu insan hüquqlarını, demokratiyanı əsas gətirmiş, amma indiki halda da demokratiyanı boğmaq yolunda addımlar atırlar. Korsika xalqı Fransadan azadlıqlar tələb edir. Amma hökumət buna imkan vermir. İmmiqrantlar məhdudiyyətlərin aradan qaldırılmasını istəyirlər. Amma hökümət buna imkan vermir. Digər milli azlıqlar yerlilər kimi onlara da bərabər hüquqların verilməsini istəyirlər, amma hökumət buna da imkan vermir. Bu halda bütün bu insanlar, cana yığılmış fransızlar özləri də meydanlara çıxırlar, əfsuslar olsun ki, Fransa polisi məhz elə Makron hakimiyyətinin göstərişi ilə onlara qarşı zorakılıq tətbiq edir. Proseslərin bu cür gedişatı Fransanın daxilindəki böhranı daha da dərinləşdirə bilər".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31