Şuşa Bəyannaməsi gücümüzə əlavə güc qatır- ÖZƏL

"Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hər bir sahədə əməkdaşlığı təmin edən sənəd olduğu üçün ölkəmizin iqtisadi gücünə də əlavə güc qatmış olacaq. Güclü iqtisadiyyat isə güclü Ordu, güclü müdafiə sistemlərinin mövcud olması deməkdir. Bundan əlavə Şuşa Bəyannaməsi beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstəyin təmin olunması deməkdir. Belə ki, ölkələrimiz aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib:
"Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular. Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31