Bacarıqsız siyasət özünü ifşa etmədən dayana bilmədi - ÖZƏL

"Avropa Parlamentinə seçkilər keçirildi. Fransa, Almaniya kimi böyük iqtisadiyyatlarda açıqlanan nəticələr siyasi partiyalara xalq dəstəyinin artdığını göstərir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bu, həm də mövcud hakimiyyətin xarici siyasət qüsurlarından, daxili problemləri görməzdən gəlmələrindən xəbər verir. Bacarıqsız siyasət özünü ifşa etmədən dayana bilmədi, desək, nəinki yanılmarıq, hətta tam hədəfə vurarıq. 
Emmanuel Makron televiziya çıxışlarının birində "heç nə olmamış kimi davrana bilməyəcəyini" demişdi. Yəni, həm də ona əmindir ki, seçkilərdə sağ siyasi qüvvələrin üstünlüyü daxili siyasi vəziyyətə də təsirsiz ötüşməyəcək. Odur ki, Brüsseldəki masanı sarsıtmağa çalışmaqdansa, diqqətini Fransadakı siyasi döyüşlərə yönəltməlidir. 
Bizi isə Fransanın daxili siyasətindən daha çox, gələcək xarici siyasəti maraqlandırır. Açığı, burda nikbin proqnoz vermək son dərəcə çətin olsa da, reallıq söylənilməlidir. Ümumi maraqların nisbəti şəxs faktorunu üstələdiyindən güclü dəyişiklik nadir, hətta istisna hallarda, o da bəzi məsələlərdə olur. Azərbaycana münasibətdə siyasətlərində prinsipial dəyişiklik olmayacağından,  əlaqələrdə də fundamental pozitivizm olacağını düşünmürəm. Yəni, Emmanuel Makron dəst-xəttini əvəz edəcək istənilən şəxs bu soyuq cərəyanı yumşalda bilməyəcək. Bizə lazım olan birdən-birə, lap elə yavaş-yavaş da olsa Azərbaycanı dəstəkləyən siyasət lazım deyil, çünki olmayacağını bilirik. Ən azından obyektivlik göstərsələr, bəsdir. O tərəfdən yanaşma dəyişməlidir, biz tərəfdənsə iki ölkə münasibətlərinə zərər verən, təsir edən başqa amillərə zərbə vurulmalıdır. Çünki Avropa Parlamentinin, Fransanın Azərbaycana münasibəti həm də, ən çox da başqa aktorlara, faktorlara görədir. Bir sözlə, münasibətlərin ruhu gərgin olaraq qalacaq. Ən azından ona görə ki, cəmi 14.7 faiz səs toplayan Makronun "İntibah" partiyası üzərində 31.5 faiz səs toplamaqla üstünlük qazanan "Milli birlik" partiyasının, şəxsən Marine Le Penin erməni "həssaslığı" yaxşı məlumdur. Bundan sonra İslamafobiya meyillərinin də artacağı gözlənilir. 
Seçki şəffaflığından digər ölkələrə və xalqlara adətən dərs keçən,  özünü Avropa demokratiyasının flaqmanı hesab edən  Avropa seçkilərində Belçikada seçki zamanı kompüterlərin sönməsi kimi çoxsaylı pozuntu hallarını, qüsurlarını demək sırası da bizdədir.  
Sıra həm də digər məsələdədir. Çünki Qərb bu həftə İsveçrədə Qlobal sülh sammiti keçirəcək. Birincisi, guya Rusiya-Ukrayna probleminin həllini rəhbər tutan bu addım birtərəfli olduğundan sülh heç vəd etmir. İstənilən sülh vədlərinin, həll variantlarının ərşə çəkildiyi absurdluğu da
Azərbaycan xalqına yaxşı məlumdur. Mexanizmlər əldə ola-ola Qərb bir dəfə də olsun Azərbaycan torpaqları işğal altında olanda nəinki belə bir konfrans, kiçik bir tədbir də keçirmədi, obyektiv bəyanat vermədi. İllər ərzində dişsiz, ünvansız bəyanatlar işğalçı ilə işğala məruz qalan aktor arasında fərq qoyulmadan ya bizi eyni tərəziyə qoydular, ya da tərəzinin ağır gözünə işğalçını otuzdurdular. Ən azından bir dəfə olsa belə Minsk konfransı təşkil oluna bilərdi, lakin Qərb bunu da etmədi, o dövrdə olan status-kvonu qorumağa çalışdı. Azərbaycana qarşı təzyiqlər, diktə, təhdidlər olmaqla istənilən cəhdlər edilsə də, münaqişənin həll modelini hərbi-siyasi vasitələrlə özümüz yaratdıq. Odur ki, şəffaflıq, obyektivlik, dürüstlük adı altında bizə təzyiqlər edənlərin öz maraqları qapıda dayanda göstərdikləri münasibəti də, atdığı addımları da aydın görür, sezirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31