Bu baş verməzsə, sözsüz ki, sülh prosesi ləngiyəcək- ÖZƏL

"Reallıq ondan ibarətdir ki, nə qədər ki, Ermənistan Konstitusiyasında  Azərbaycana qarşı ərazi iddiaları yer alır, iki ölkə arasındakı sülh sazişinin imzalanması perspektivləri təhdid altındadır". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki Ermənistanın Ali qanunu olan konstitusiyasının giriş hissəsində açıq -aşkar təsbit olunub ki, bu konstitusiya Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanır. 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsində qeyd olunub ki,  Ermənistanın əsas məqsədlərindən biri Qarabağı özünə birləşdirməkdir və dolayı yolla bu o nəticə hasil edir ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazilərinə iddia var. Təbii ki, belə olan halda sözsüz ki, sülh sazişini imzalamaq çətinə düşür və tarixdə də bununla bağlı presedentlər mövcuddur. İrlandiya presedenti ən uyğun presedentdir. Biz bilirik ki, uzun illərdir ki, Şimali İrlandiyada katolik irlandlar və protestantlar arasında etnosiyasi münaqişə mövcud idi və bu münaqişə 1998-ci  ildə "Good Friday Agreement"-, yəni qızğın cümə günü və yaxud da, "Belfast" razılaşması ilə sonlandırıldı. Həmin bu razılaşmaya görə də İrlandiya Respublikasının Konstitusiyasında dəyişiklik həyata keçirildi ki, bu dəyişiklik də İrlandiyanın artıq Şimali İrlandiyaya ərazi iddiasının olmamasını rəsmi şəkildə təsbit etmiş oldu. Analoji addımı da biz Ermənistan tərəfindən gözləyirik ki, ən azından o konstitusiyasındakı giriş hissəni, yəni Azərbaycan ərazilərinə iddia yer alan hissəni ümumiyyətlə, ləğv etsin. Əgər bu baş verərsə, sülh realdır. Bu baş verməzsə, sözsüz ki, sülh prosesi ləngiyəcəkdir. Burada Ermənistan rəhbərliyinin siyasi iradə göstərməsi vacib amildir. Yəni həqiqətən də boş bəyanatlar səsləndirməklə ki, biz  Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, iş düzəlmir. Bu iddianı Ermənistan rəhbərliyi həm də gərək ölkənin qanunverici aktlarında təsbit etsin və ilk növbədə konstitusiyada müvafiq dəyişikliklər həyata keçirilməsinə şərait yaradaraq iki ölkə arasında sülh sazişinin imzalanmasına töhfə vermiş olsun".

Zeynəb Rzayeva,

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31