İran vətəndaşları Bakıda konsulluq binasında səs verə biləcəklər

İranda keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanda yaşayan İran vətəndaşları Bakıda İran səfirliyinin Şərifzadə küçəsində yerləşən konsulluq binasında səsvermədə iştirak edə biləcəklər.

Olaylar-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Cəfər Ağayi Mərian deyib.

Onun sözlərinə görə, İran prezident seçkilərinin başqa ölkələrlə yanaşı, Azərbaycanda da nümayəndəlikdə keçirilməsi üzrə hazırlıq işləri aparılır.

İranlı diplomat qeyd edib ki, bununla əlaqədar Azərbaycan tərəfi ilə lazımi koordinasiyalar aparılıb.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Seçkilərdə 6 namizəd (Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili, Əlirza Zakani, Əmir Hüseyn Qazizadə Haşemi və Məhəmməd Baqir Qalibaf) rəqabət aparacaq.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31