İsrailin müharibə nazirləri kabinetinin üzvü Benni Qants: “ Biz uğursuz olduq
11 İyun 2024 11:59 Siyasət"İsrailin müharibə nazirləri kabinetinin üzvü Benni Qants fövqəladə vəziyyət hökumətindən istefa verib və Baş Nazir Netanyahunu erkən seçkilər keçirməyə çağırıb. O eyni zamanda uşaqları girovluqda qalan ailələrdən üzr istəyərək və biz " uğursuz olduq" deyib. İran isə bu vəziyyəti İsrailin içəridən söküşünün başlanğıcı adlandırıb.
"Düzünü desəm, hökumətə daxil olmaq sadə bir qərar idi, amma bu hökuməti indiki vəziyyətdə tərk etmək olduqca ağırdır. Çünki bizim vətəndaşları oğurlayanlar hələ sağdır və minlərlə döyüşçü cəbhə xəttində ölüm-dirim müharibəsi aparır. Bu şəraitdə kabineti tərk etmək qərarı olduqca çətindir" - Qants deyib.
Benni Qantsın hökuməti tərk etmək qərarı onun Baş Nazir Netanyahunun müharibədən sonra Qəzzada aparılacaq proseslərlə razı olmadığı ilə əlaqələndirilir. Amma müharibənin başa çatması. Atəşkəsin əldə olunması barədə isə heç kim danışmır. Benni Qatsın hazırki vəziyyət deyil gələcəklə bağlı iddiaları da əsassız kimi görünür. Çünki, öncə müharibəni bu və ya digər formada başa çatdırmaq, girovları azad etmək və bundan sonra Qəzzanın gələcək taleyini müzakirə etmək lazımdır. Məhz buna görə də Benni Qantsın müharibə kabinetini tərk etməsinin səbəbi inandırıcı görünmür. Mütəxəssislər hökumətdəki qarşıdurmanı məhz İsrail ordusunun apardığı əməliyyatların istənilən nəticəni verməməsi ilə əlaqələndirirlər.
Bununla yanaşı Qantsın bütün uğursuzluqlarda Baş Nazir Netanyahunu günahlandırması özünü təmizə çıxarmağa cəhd kimi də qiymətləndirilə bilər.
"Bu gün mən girovların ailələrindən üzr istəmək istəyirəm. Çox şey etdik, amma sonda uğursuz olduq. Oğurlananların əksəriyyətini hələ də evə gətirə bilməmişik.Mən Netanyahuya müraciət edirəm, seçki tarixini razılaşdırsın və təyin etsin. İnsanlarımızın və cəmiyyətimizin dağılmasına imkan verməyək".
İsrail Müharibə Kabinetinin digər üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot da Benni Qantzdan sonra istefa verdiyini açıqlayıb. O da öz növbəsində istefasının səbəbini Baş Nazir Netanyahu ilə aralarında olan narazılıqla əlaqələndirib. Amma əslinə qalanda onun istefasını da elə döyüş əməliyyatlarının uğursuzluğu ilə əlaqəndirirlər. O Netanyhuya göndərdiyi məktubda yazır: "Baş nazir olduğunuz kabinet müharibənin məqsədlərinə çatmaq üçün lazımi qərarlar vermədi. Biz artıq görürük ki, son vaxtlar verdiyiniz qərarlar ölkənin maraqlarına uyğun deyil ". O, hökumətin İsrailin strateji vəziyyətinə və milli təhlükəsizliyinə zərər vurduğunu bildirib.
İranda İsraildə baş verən bu hadisələrə reaksiya özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kaani son hadisələri "İsrail rejiminin içəridən çöküşü" kimi qiymətləndirib. "Sionist rejimin Müharibə kabinetində, hərbi və təhlükəsizlik rəsmiləri arasında davamlı istefalar bu rejimin daxilidən iflasa uğradığını və Qəzza zolağına səkkiz aylıq hücumu zamanı qarşıya qoyduğu məqsədlərdən heç birinə nail ola bilmədiyini nümayiş etdirir".
Müharibə kabinetində baş verən bu istefaların müharibənin taleyinə necə təsir edəcəyi və hökumətin istefaya gedib-getməyəcəyi hazırda siyasətçiləri düşündürən əsas məsələlərdir.

Əlimusa İbrahimov
Politoloq