Azərbaycan öz gücü hesabına həmin status-kvonu dəyişdi- ÖZƏL
11 İyun 2024 10:34 Siyasət"Fakt budur ki, Qərb Ukraynaya göstərdiyi münasibəti zamanında bizə göstərmədi. İkili standartlara yol verdi. Bu, danılmaz faktdır. Qərbdən hər zaman bunu görmüşük, görməyə də davam edirik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Azərbaycanın öz torpaqlarını azad etməsi belə böyük skandal kimi qələmə verildi və hələ də Qərb tərəfindən həzm edilməyib. Qərbin bir çox aparıcı dövlətləri bu məsələyə hələ də qısqanclıqla yanaşırlar. Buna misal olaraq Fransanın adını çəkə bilərik. Hansı ki, Qərb ölkələrinin də Azərbaycanın ərazisi olaraq tanıdığı ərazilərin işğaldan azad olunmasını qəbahət kimi təqdim etməyə çalışırlar. Təbii ki, onlar münaqişənin həllini istəmirdilər. Hətta münaqişənin Ermənistanın xeyrinə həllini istəyirdilər. Bu, dəfələrlə Azərbaycan tərəfindən də bildirib ki, danışıqlar prosesində Azərbaycana təzyiq etməyə çalışırdılar ki, mövcud status-kvo belədir, bununla barışmaq lazımdır. Məsələ həll olunacaqsa, onu Ermənistanın xeyrinə həll etməyə çalışırdılar, amma Azərbaycan öz gücü hesabına həmin status-kvonu dəyişdi, vəziyyət başqa cür oldu. Onlar bundan sonra da erməniləri müdafiə etməyə çalışdılar. Bu gün Ukraynaya göstərilən münasibət, dəstəyin heç mində birini Azərbaycana göstərmədilər. Həmin beynəlxalq dəstək zamanında Azərbaycana verilsəydi, bəlkə də vəziyyət daha fərqli ola bilərdi. Azərbaycan güclü dövlət sisteminə malik idi və güclü ordu qurmuşdu, ona görə də buna ehtiyacımız yox idi. Biz, öz gücümüz hesabına həmin status-kvonu dəyişdirə bildik.
Məsələnin həlli üçün Minsk qrupu formalaşmışdı. Bu qurum 30 il başımızın altına yastıq qoymaqla məşğul oldu. Məsələnin həlli ilə bağlı bundan artıq bir fəaliyyəti olmadı. Bu gün Ukrayna üçün canfəşanlıq edənlər vaxtında Azərbaycana dəstək göstərmədilər. Artıq buna ehtiyac da yoxdur. Azərbaycan bu məsələni tarixə çevirdi. Heç nə unudulmur, bu ikili standartlar bizim yaddaşımızdadır. Biz dövlət olaraq da dəfələrlə bəyan etmişik ki, arzumuz Ukraynanın ərazi bütövlüyünü bərpa etməsidir. Ümid edirik ki, Ukrayna buna nail olacaq".
Qiymət Mahir,
Olaylar.az