Bu cür fərqli yanaşmalar beynəlxalq hüquqa hörmət etməməkdən irəli gəlir- ÖZƏL

"Münaqişələrə çoxlu standartlarla baxış həmişə müşahidə olunub. Yəni Azərbaycanın apardığı mübarizə Azərbaycanın milli maraqlarının təmin olunması ilə bağlı olub. Amma Qafqazda maraqlı olan güclər bizim 30 il əvvəlki xaotik dönəmimizdən, zəifliyimizdən istifadə ediblər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Həm Ermənistanı dəstəkləyiblər, həm özlərinin mövqelərini, maraqlarını müdafiə etmək naminə Azərbaycana qurban veriblər. Bu, dünya siyasətində də ermənipərəst mövqeyinin üstün olduğu bir dövrlə səsləşib. Amma Rusiya-Ukrayna məsələsində tamamilə fərqlidir. Rusiya əleyhinə formalaşmış qlobal koalisiya var. 40-dan artıq ölkə Rusiya əleyhinə Ukrayna cəbhəsində savaşmaqdadır və onlar yaxşı bilirlər ki, bu mübarizə dünyanı bölmək, dünyanı parçalamaq uğrunda gedən savaşın amansız tərkib hissəsidir. Əgər bu gün Rusiya qalib gəlsə, sözün əsl mənasında İkinci Dünya müharibəsindən sonra yenidən Avropa rus çəkmələrinin sədasını eşitmiş olacaq. İkiüzlülük və bütövlükdə münaqişələrə bu cür fərqli yanaşmaya gəldikdə, bu, şübhə yoxdur ki, beynəlxalq hüquqa hörmət etməməkdən irəli gəlir. Şübhə yox ki, Azərbaycanın səsinin yetəri qədər eşitmək istəməyən qüvvələrin varlığından irəli gəlibdir. Bu, bizim də 30 il əvvəlki xaos dönəmində düzgün xarici siyasət yetmədiyimizin tərkib hissəsi olub. Heydər Əliyev gəldikdən sonrakı məntiqli siyasət həm Azərbaycana və regiona münasibətdə beynəlxalq vəziyyəti dəyişdi, həm də bilmək lazımdır ki, güc faktoru, ölkənin stabil olması, ordusunun qurulması, qalibiyyəti şərtləndirən əsas amillərdən biri oldu. Yəni Azərbaycan öz problemini həll etdi və dünyadan ədalət gözləməmək məsələsində, məncə, uğurlu bir yanaşma ortaya qoydu. Bir halda ki, 1990-cı illərdə Ermənistan Azərbaycanın ərazilərini işğal edirdi, amma həmin dövrdə Amerika senatından Azərbaycan əleyhinə silah satışına qadağa qoyan 9 yeni düzəliş qəbul olunmuşdu. Bu cür açıq proseslərin getdiyi bir dünyada hansısa ədaləti gözləmək mənasızdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31