ABŞ və Fransanın üzərinə bir öhdəlik düşür: Ermənistanı...- ÖZƏL

"Ötən gün ABŞ və Fransa arasında görüşdən sonra onların bəyanatı oldu. Bu bəyanatda həm ABŞ, həm də Fransa tərəfi Cənubi Qafqazda sülhü dəstəklədiklərini vurğuladılar". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Hər iki tərəf bildirdi ki, regionda beynəlxalq hüquqa, insanların rifahına xidmət edən, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını təsdiq edən sülhün bərqərar olmasını dəstəkləyirlər. Sözsüz ki, bu bəyanatlar əslində, əvvəlki bəyanatlardan fərqli səslənmir. ABŞ və Fransa demək olar ki, Qarabağ münaqişəsi başlayandan, 1992-ci ildən bu günə kimi 30 ildən çox bir müddətdə oxşar bəyanatlar səsləndiriblər. Həm Fransa, həm ABŞ daimi şəkildə sülhü, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulasa da, həm ATƏT-in Minsk qrupu çərçivəsində, hən də fərdi səviyyədə bu münaqişənin həllində ciddi bir addımlar ata bilmədilər. Zamanında bununla bağlı həm ATƏT-in Minsk qrupunun müxtəlif planları irəli sürülmüşdü, həm də ABŞ-nin təşəbbüsü ilə Vaşinqton  prosesi baş vermişdi. Lakin ciddi bir nəaliyyət əldə olunmadı. Sözsüz ki, bəyanatlar böyük siyasi mesaj xarakteri daşıyır və ölkələrin siyasi arenada mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyət kəsb edir. Amma real, praktiki iş baxımından bəyanat yalnız bəyanat olaraq qalarsa, ciddi bir əhəmiyyət kəsb etmir. Ona görə də ABŞ və Fransa dediklərini yalnız bəyanatda saxlamamalı, eyni zamanda əməli praktiki işlər görərək Ermənistanın qısa zamanda sülh sazişi imzalanmasına, Konstitusiyasında dəyişiklik həyata keçirməsinə və Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistana təzyiqlər göstərməlidir. Bütün bunlar vaş verərsə, Ermənistan konstruktiv mövqe sərgiləyərsə, xarici hamilərindən bölgədəki sülhə və rifaha zidd olan planlar, göstərişlər alaraq onları yerinə yetirməyə cəhd etməzsə, o zaman real sülhdən danışa bilərik. Əks təqdirdə proses yubana bilər. Bu baxımdan ABŞ və Fransanın üzərinə bir öhdəlik düşür ki, Ermənistanı bu prosesdə konstruktiv addım atmağa vadar etsinlər".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31