Bu, müsəlman miqrantların Avropadan deportasiyası ilə nəticələnəcək- ÖZƏL
10 İyun 2024 15:07 Siyasət"Avropa Parlamentində keçirilən seçkilərdə gözlənilən kimi radikal sağçılar qalib gəldilər. Bu, islamafobiyanın güclənməsinə xidmət edəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Eyni zamanda Avropada neofaşizmin güclənməsinin şahidi oluruq. Çünki sağçılar Avropa Parlamentində üstün mövqeyə sahib olacaqlar və ayrı-ayrı ölkələrdə kifayət qədər yüksək səs qazandılar. Xüsusilə də Fransa sağçıların iqtidara gəlməsi gözlənilən variantdı. Makron Fransa Parlamentini buraxdı və Fransa keçiriləcək parlament seçkilərində möcüzə baş verməsə, Marin Le Penin partiyası qalib gələcək. Bunlar radikal sağçılardılar. Digər ölkələrdə də biz, radikal sağçıların artmasının şahidi olduq. Xüsusilə pandemiya dövründə hazırkı hökümətlərin fəaliyyəti, son zamanlar Yaxın Şərqdə və digər ölkələrdə baş verən müharibələrdən sonra Avropada miqrasiya ilə bağlı problemlərin çoxalması sağçıların yüksək üstünlük qazanmasına gətirib çıxardı. Mərkəz sağın böhranının da şahidi oluruq. Mərkəz sağ böhran keçirdi və radikal sağ solun qarşısında üstün mövqeyə sahib oldu. Fransada xalq konkret olaraq mərkəz sağı sıradan çıxardı. Fransada artıq radikal sağçılar hakimiyyətə gəlirlər. Bu da Avropanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Avropa uçuruma gedir. Radikal sağın ümumilikdə Avropa ölkələrində bu qədər üstün mövqe tutması və hakimiyyətə gəlməsi Aİ-nin parçalanması ilə nəticələnəcək. Bu artıq sadə avropalıların ittifaq şəklində yaşamaq istəmədiklərini və millətçi ritorikanın güclənməsindən xəbər verir ki, bu da istər müsəlman miqrantlar, istər də Aİ-nin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Radikal sağçıların hakimiyyətə gəlməsi müsəlman miqrantların Avropadan deportasiyası ilə nəticələnəcək. Eyni zamanda Aİ-nin dağılması prosesi sürətlənəcək. Biz, ölkələrin Aİ-ni tərk etməsinin şahidi olacayıq".