Artıq türk dünyasının birliyi reallığa çevrilməkdədir- ÖZƏL
10 İyun 2024 13:53 Siyasət"Bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır".

"Olaylar" xəbər verir ki, bunud eyən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır: "Türk dövlətlərinin bir sıra təşkilatları da yaradılıb ki, bu da ümumi işimizə töhfələr verir. Bu təşkilatlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). İyunun 5-6-da Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu" mövzusuna həsr olunan 13-cü Plenar İclası çərçivəsində bir sıra tədbirlər keçirilib ki, bu amil türk birliyinin daha da güclənməsində parlamentlərin rolunu artırır. Tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər".
Alim Hüseynli
Olaylar.az