Türk dünyasının birləşməsi türkdilli xalqların gələcəyi üçün önəmlidir- ÖZƏL
10 İyun 2024 13:22 Siyasət
"TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir vacib təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Kamaləddin Qafarovun sözlərinə görə, Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir: "Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir".
Alim Hüseynli
Olaylar.az