Azərbaycanla Misir arasındakı münasibətlər Türkiyə-Misir münasibətlərinin yaxşılaşdırılmasına da əlavə töhfə ola bilər - ÖZƏL

"Misir, Ərəb və İslam dünyasının ən vacib ölkələrindən biridir. İstər Yaxın Şərq, bütövlükdə Şərq aləmi, istərsə də Afrikanın quzeyi baxımından, həm də qədim sivilizasiya olması baxımından, əlavə olaraq da böyük türk coğrafiyasının bir parçası olması baxımından Misir bizim üçün önəmlidir"


Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Misir dünyada bir ərəb dövləti kimi bilinir, amma tarixdə Misir həm də bir türk dövləti olub, özəlliklə də əsir edilərək Misirə aparılmış qıpçaq balası bəy Barsın sonradan sultan olaraq bu dövlətin başına keçməsi tarixdən bilinən bir faktdır. Yəni Misir həm də türklərin idarə etdiyi, türklərin nəzarətində olan bir dövlət olub. Əlbəttə ki, Azərbaycan Respublikası ilə Misir arasında münasibətlərin də tarixi yeni deyil, kifayət qədər qədimdir. Ümumiyyətlə, böyük İslam coğrafiyasının bir parçası olaraq həm Azərbaycan, həm Misir eyni müstəvidə olublar. Təbiidir ki, gediş-gəlişlər olub, mədəni mübadilələr olub, şairlərimiz, yazıçılarımız, sənət adamlarımız, elm adamlarımız bəlli mərhələlərdə bir-biri ilə yaxın münasibətdə olublar. Eyni zamanda, Azərbaycanda ərəb dilinin bir zamanlar dövlət dili səviyyəsində olması da əlbəttə ki, münasibətlərin əlavə bir ölçü qazanmasına səbəb olub. 
Hazırda Misir-Azərbaycan münasibətləri yaxşı səviyyədədir. O mənada ki, aramızda çözülə bilməyəcək heç bir problem yoxdur. Ondan başqa,Misirlə qardaş Türkiyə arasında Ərəb baharı dövründə yaranmış soyuqluğun da aradan qaldırılması üçün Azərbaycan öz töhfəsini verə bilər. Yəni Azərbaycanla Misir arasındakı münasibətlər həm də Türkiyə-Misir münasibətlərinin daha da yaxşılaşdırılmasına əlavə töhfə ola bilər. 
O baxımdan, Prezident İlham Əliyevin səfəri, sadəcə olaraq Azərbaycan dövlət rəhbərinin səfəri kimi dəyərləndirilməli deyil, həm də Azərbaycanla bərabər türk dövlətlərinin Misirlə münasibətlərinin yeni mərhələyə çıxarılması baxımından dəyərləndirilməlidir. 
İkinci bir tərəfdən də, ayrıca qardaş Türkiyə ilə Misirin münasibətlərinin normallaşdırılması prosesinin sürətləndirilməsi baxımından da bu səfəri dəyərləndirə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31