Ərəb dünyasında Misirlə olan münasibətlər daha spesifikdir- ÖZƏL
8 İyun 2024 13:36 Siyasət"Diplomatiya xarici siyasətin əsas alətidir. Yüksək səviyyəli diplomatik səfərlər vasitəsilə hökumətlər əməkdaşlığı asanlaşdıra və digər dövlətlərlə münasibətlərinin keyfiyyətinə təsir və işarə edə bilərlər. O da danılmaz faktdır ki, səfərlər çərçivəsində ev sahibi ölkələr dünyada gedən ümumi proseslərdə qeyri-müəyyən durum olsa belə bəzi ölkələri digərlərindən üstün tutaraq onların dövlət başçılarının səfərinə strateji önəm verirlər".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Misirdə cənab Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması, dövlətimizə göstərilən münasibət əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan çoxşaxəli, bir o qədər uğurlu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə realizəsindən xəbər verir. Danılmaz faktın biri də odur ki, məqamımızı qalib xalq məqamına, dövlətimizi güclü dövlət statusuna ucaldan Müzəffər Ali Baş Komandanımızın şəxsi keyfiyyətləri də bu işdə öz gur sözünü deyir. Cənab Prezidentimizin aktiv, gərgin iş qrafiki, reallaşdırılan hər bir səfərin özünəməxsus müəyyənedici amilləri mövcuddur. Yüksəksəviyyəli səfərlər xarici siyasətimizin struktur, daxili və praktiki hüdudlarını, hesablarını formalaşdırırır.
Ərəb dünyası ilə olan münasibətlər nə qədər özünəməxsus xarakterə malikdirsə, onların içində Misirlə münasibətlər fərqlənərək bir qədər daha spesifikdir. Zamanında, hələ ki ərəb dilində yazan, istedadı qəliblərə sığmayan, dərin fəlsəfi təfəkkür sahibi söz ustadlarımızın, dövrün aydınlarının uca ziyarət məqamlarının "cahanı" aşaraq ərəb dövlətləri ərazisində olması buna xüsusi həssaslıq əlavə edir, desək, bunun özü də məsələyə xüsusi çalar qatar. Bu siyasətdən kənar, tarixi-mədəni bağlılıq davamında da siyasətə kökündən təsir edir. Empirik olaraq Misirə reallaşdırılan səfər bəzi qüvvələrin torpaq, yurd problemimizin profilini bilərəkdən dəyişməyə çalışması fonunda illər ərzində olduğu kimi İslam həmrəyliyinə hörmət edən, qəti prinsipini daim rəhbər tutan Azərbaycanın indiki zamanda da İslam dünyası ilə olan, bundan sonra daha da dərinləşdiriləcək münasibətlərindən xəbər verir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və başqa beynəlxalq təşkilatlar çərçivəsində də ərəb dövlətləri ilə münasibətlərə, əməkdaşlığa önəm verib, haqq məsələsinin geriyədönüş xarakterli qarşılıqlı olmasına çalışmışıq. Ərazi bütövlüyü və suverenlik məsələsi Azərbaycanın ağrılı yeri olduğundan bu işdə ali dəyərlərin başında dayanıb. Azərbaycan indi də islamofobiya siyasətinə qarşı çıxaraq əsas bayraqdarlardan biri qismində çıxış edir. Haqq savaşımızın məzlum xalqlara örnək, presedent olması bu məsələyə teoretik deyil, empirik töhfəmizdən xəbər verir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi isə qurucu amallarla çıxış edərək mədəniyyətlərarası dialoqun qlobal miqyasda təbliğinə töhfə verir. 1994-cü ilin sentyabrında Ulu öndərimiz Heydər Əliyevin, 2007-ci il mayın 6-8-də cənab Prezident İlham Əliyevin Misirə rəsmi səfəri münasibətlərin dərinləşdirilməsi istiqamətində vurğulanmalı iki ən önəmli tarixdir. Fundamentində Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri dayanan, indi isə dövlət başçımızın Misirə reallaşdırılan səfəri Misir-Azərbaycan münasibətlərinə yeni nəfəs gətirəcək. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqasında münasibətlərə xüsusi önəm verir. Misir yerləşdiyi coğrafiyada necə sabitləşdirici rol oynayırsa, Azərbaycan da öz regionunda bu funksiyanı icra edir. Reallaşdırılan səfər hər bir addım kimi bölgənin iqtisadi inkişafına, canlanmasına töhfə verir. Misir ilə Azərbaycan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur ki, iki ölkə də onların daha irəliyə doğru aparılmasına maraq göstərir, bundan irəli gələn addımlar atır".
Zeynəb Rzayeva, Olaylar.az