Ermənistan tərəfinin buna müsbət cavab verəcəyini düşünürəm-Zeynal Əmrəliyev- ÖZƏL
7 İyun 2024 18:43 Siyasət"Dövlət başçısının dediyi fikirlər tamamilə doğrudur. Artıq Minsk qrupu öz fəaliyyətini başa vurub. 30 il ərzində heç bir fəaliyyət göstərmədi və artıq Minsk qrupuna heç bir ehtiyac yoxdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Əməli de-fakto heç bir fəaliyyət göstərməyən bir qurumun de-yure qalmasında heç bir məntiqi yoxdur və buna görə də Azərbaycan və Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birlikdə müraciət etsələr düzgün olar. Dövlət başçısının demək istədiyi budur. Nəyə görə bu qurum qalmalıdır? Bu qurum de-yure şəkildə hələ də fəaliyyət göstərir. 30 il müddətində sadəcə olaraq Azərbaycanın başının altına yastıq qoymaqla məşğul oldular. Gəldilər, getdilər. Bunların fəaliyyət göstərməsinin heç bir məntiqi yoxdur və izahı yoxdur. Hal hazırda onların görəcəyi iş də yoxdur. Nə Azərbaycan tərəfi, nə Ermənistan tərəfi onları qəbul etmir. Sadəcə formal şəkildə fəaliyyət göstərirlər. Azərbaycan və Ermənistanın birgə müraciəti Minsk qrupunun fiaskosu olacaq. Heç bir iş başa vurmadan öz fəaliyyətlərinə bununla da son vermiş olacaqlar. Bu, hüquqi cəhətdən yeni faktorlar açacaq. Beynəlxalq müstəvidə Minsk qrupunun ləğv olunmasından sonra yeni faktorlar açılacaq. Çünki məsələnin həlli ilə hal-hazırda beynəlxalq səviyyədə hüquqi olaraq ATƏT-in Minsk qrupu məşğuldur. Bu Minsk qrupu ləğv olunmalıdır ki, beynəlxalq səviyyəli digər proseslər də daha yaxşı şəkildə həyata keçirilə bilsin. Düşünürəm ki, Ermənistan tərəfi buna müsbət cavab verəcək. Gec və ya tez iki tərəfin də müraciətindən sonra ATƏT məcbur qalaraq bu mənasız qurumu birdəfəlik ləğv edəcək".