Ölkə başçısının vurğuladığı kimi ATƏT-in Minsk qrupuna artıq ehtiyac yoxdur-Sultan Zahidov- ÖZƏL

"Prezident İlham Əliyev TÜRKPA-nın üzv ölkələrinin parlament sədrləri ilə keçirilən görüşdə Cənubi Qafqazdakı proseslərlə bağlı çox mühüm məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinə və buna əngəl olan amillərə toxunub". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"İlk növbətə qeyd olunmalıdır ki, Azərbaycan-Ermənistan sülh prosesində əsas maneələrdən biri Ermənistanda olan revanşizm hissinin hələ də geniş vüsət alması və Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarıdır. Bu ərazi iddiaları cəmiyyətin fərqli-fərqli nümayəndələri tərəfindən səsləndirilən fikirlərdə, həm də Ermənistanda mövcud olan hüquqi normativ sənədlərdə də özünü göstərir. Buna ən bariz nümunə kimi ölkənin ən ali qanunu sayılan konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ermənistan Konstitusiyasının giriş hissəsində hələ də Konstitusiyanın Ermənistanın Müstəqillik Bəyannaməsini əsas tutduğu bildirilir. Həmin bəyannamədə isə açıq şəkildə bəyan olunur ki, Ermənistan Qarabağı özünə birləşdirmək istəyir. Bu da Azərbaycana qarşı ərazi iddiasıdır. Həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının olması sözsüz ki, sülh prosesini yubadan və regional sülhə və sabitliyə mənfi təsir göstərən amildir. Digər tərəfdən bir sıra xarici qüvvələr var ki, onlar Cənubi Qafqazda sülhün olmasında maraqlı deyillər. Fransa hər vəchlə Ermənistana öz iradəsini diktə etməyə çalışır. O ki qaldı ATƏT-in Minsk qrupuna, ölkə başçısının vurğuladığı kimi ATƏT-in Minsk qrupuna artıq ehtiyac yoxdur. 1992-ci ilin martından yaranan bu qurum 28 il ərzində Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı ciddi bir addım atmamaqla yanaşı, əksinə, prosesin dondurulmağına şərait yaratmış, Ermənistan üzərində hanslsa ciddi təzyiqlərin tətbiq olunmasına imkan verməmişdir. Bu da sözsüz ki, münaqişənin gedişatına mənfi təsir göstərmiş və diplomatiyanın iflasa uğramasına gətirib çıxarmışdır. Belə olan halda da Azərbaycanın ATƏT-in Minsk qrupuna heç bir etimadı qala bilməzdi. Düzdür, ATƏT-in Minsk qrupu fərqli vaxtlarda müxtəlif planlar irəli sürüb: "mərhələli həll planı", "paket həll planı", "Madrid prinsipləri" və s. Amma bu planların heç biri münaqişənin sülh yolu ilə nizamlanmasına müsbət töhfə verə bilməyib. Nəticədə Azərbaycan öz gücü ilə bu münaqişəni kökündən həll edib. Dediyim kimi münaqişə artıq həll olunduğuna görə ATƏT-in Minsk qrupunun saxlanmasına ehtiyac yoxdur. De-fakto onsuz da bu fəaliyyətini davam etdirmir. De-yuri fəaliyyətini dayandırması üçün isə həm Azərbaycan, həm Ermənistan tərəfindən birgə müraciət olunmalıdır. Azərbaycan hər zaman bu müraciət üçün hazırdır. Çünki münaqişə bitdiyinə görə biz ATƏT-in Minsk qrupuna ehtiyac görmürük. İş Ermənistanın bu məsələyə yanaşmasına qalır. Ermənistanın bu məsələdə Azərbaycanla ortaq mövqe sərgiləməsi, yəni ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı müraciət etməsi də onu göstərmiş olar ki, Ermənistan sülhdə maraqlıdır. Yox, əgər yenidən Minsk qrupuny prosesə cəlb etməyə çalışacaqsa, deməli Ermənistan sülhdə maraqlı deyil və gələcəkdə də ölkəmuzə qarşı ərazi iddialarınl irəli sürmək və təxribatlar həyata keçirmək iddiasındadır".

 

 

 

Zeynəb Rzayeva, Olaylar.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31