ABŞ-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması perspektivlərini görürük-Anar Əliyev- ÖZƏL
6 İyun 2024 18:55 Siyasət"ABŞ Prezidentinin Cozef Bayden bir həftə ərzində ikinci dəfə Azərbaycan Prezidentinə məktub ünvanlayıb. İkinci məktubunda Xəzər Neft və Qaz sərgisi çərçivəsində keçirilən tədbirlər və bu tədbirlər zamanı dünyanın xüsusən də yaşıl enerji gündəliyinə verilə biləcək töhfələrlə bağlı xoş niyyətlərini çatdırdı".
Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Hesab edirəm ki, qısa müddət ərzində ABŞ Prezidentinin Azərbaycana və Azərbaycanda keçirilən tədbirlərə diqqət göstərməsi uzun müddətdir erməni diaspora təşkilatları və onların maliyyə təsiri altında olan mətbuat orqanları tərəfindən təbliğ edildiyinin əksinə, ABŞ ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. ABŞ Azərbaycanın bölgədə oynadığı rolu, eyni zamanda dünya səviyyəsində qlobal təhlükəsizliyə verdiyi töhfələri hər zaman yüksək qiymətləndiribdir. Xüsusilə Avropanın enerji təchizatında oynadığı etibarlı rol hər zaman ABŞ rəsmi şəxsləri və Avropa siyasiləri tərəfindən yüksək qiymətləndirilib. Hesab edirəm ki, ABŞ Prezidentinin bu məktubu da növbəti dəfə Azərbaycanın bölgədə, regionumuzda və qlobal səviyyədə oynadığı rola yüksək münasibətin bir daha ifadəsidir. ABŞ ilə Azərbaycan arasındakı münasibətləri daha üst səviyyəyə daşımaq üçün kifayət qədər böyük imkanlar mövcuddur. Xüsusilə, Azərbaycanın yaşıl enerji gündəliyi, COP29 çərçivəsində keçirilən bir sıra tədbirlərdə Azərbaycanın qlobal təhlükəsizliyi təhdid edən problemlərə özünəməxsus və fərqli, çevik reaksiyası qlobal güclərlə yanaşı, həm də ABŞ tərəfindən də diqqətlə izlənilir və izlənəcəkdir. Bu istiqamətdə ABŞ-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması perspektivlərini görürük. Amma bu münasibətləri inkişaf etdirmək üçün maneə ola biləcək, ABŞ-nin xarici siyasətinə kifayət qədər təsir etmək gücündə olan təəssüf ki, erməni lobbi, diaspora təşkilatları və onların təsiri altında olan ayrı-ayrı ABŞ resmiləridir. Çox təəssüf ki, ABŞ Konqresi və Senatının ayrı-ayrı nümayəndələri daim erməni diaspora təşkilatlarından əldə etdikləri maliyyələrin cavabı olaraq oradan gələn sifarişlər əsasında Azərbaycana qarşı reallığa və beynəlxalq hüququn prinsiplərinə qətiyyən uyğun olmayan, qarşılıqlı etimada və faydalılığa əsaslanan münasibətlərə qətiyyən uyğun gəlməyən qarayaxma kampaniyası həyata keçiriblər. Ona görə də ABŞ bundan sonra da bu neqativ detalları aradan qaldırmağa çalışacaq. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında bitərəf mövqe sərgiləməyəcəksə, bu münasibətlərdə neytrallığını qoruyub saxlaya biləcəksə, bu münasibətlər bundan sonra da sürətlə inkişaf edəcək. Bu münasibətlər bölgəmizlə yanaşı, həm də qlobal səviyyədə də bir çox məsələlərin, problemlərin həllinə mühüm töhfəsini vermiş olacaqdır".