Türkün ürəyi Qarabağda döyünəcək, nəbzi isə Şuşada atacaq-Şəbnəm Həsənova- ÖZƏL
6 İyun 2024 17:36 Siyasət"Bəli, Azərbaycan körpüdür. Şərq mədəniyyəti ilə yanaşı, Qərb siviliziyasının da müsbət tərəflərini götürərək dövlət və cəmiyyət olaraq inkişaf etmək hədəfimizdir. Lakin cəmiyyətimizə yad dəyərləri də istəmir, əlimizin tərsi ilə geri itələyirik".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib:
"Habelə, körpü rolunu oynamadan öncə fundamentə dönərək soykökümüzü unutmadan ailəmizin Türk ailəsini olduğunu Zəfərimizin vermiş olduğu qüdrətlə daha gur səslə bəyan edirik. Cənab Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərinə andiçmə mərasimindəki çıxışını xatırladaraq başqa ailəmizin olmadığını, ailəmizin Türk dünyası olduğunu bildirərək başladı. İstənilən təmas, toplantı isə Türk dünyasının birliyinin təzahürüdür ki, dövlət başçımız da haqlı olaraq bunu məhz belə dəyərləndirdi.

Xarici siyasətimizin əsas yolu və axarı Türk dünyasıdır. Soykökünü danmaq necə mümkünsüzdürsə, yad dəyərlər, zəruri olsa belə məcburi əməkdaşlıqlar da sanki yamaq kimi göründüyü üçün kökdən gələn təbii səmimiyyət öz sözünü deyir. Sevindirici, həm də qürurverici məqamdır ki, Qarabağın dirçəldilməsində qardaş əlini, qardaş çiynini hiss edirik. Türk dünyasının həmrəyliyi burda da hiss olunur ki, bu, birliyimizi daha da bərkidir. Ermənistan-Azərbaycan görüşünün bir raundunun da ağzının Qazaxıstana salınması heç nə və heç kim baxımından deyil, məhz bu kontekstdən önəmi və dəyəri böyükdür. Hansısa keçmiş birliyin bərpasına, geri dönüşünün əksinə olaraq biz üzümüzü böyük coğrafiyanı, əhalini, resursları əhatə edən öz kökümüzə tutmuşuq. Odur ki, bu və ya digər amillər də nəzərə alınmaqla Türk dünyasının güclənməsi heç kimi narahat etməməlidir. Çünki ortaq tariximiz boyu heç bir zaman qonşu dövlətin ərazisinə, malına-mülkünə göz dikməmişik ki, bu da türkün xislətindən irəli gəlir. Türk dünyası qurucu amallara xidmət edir, bunu da heç kim unutmalı deyil. İqlim məsələləri bu gün Azərbaycanın, Türk dünyasının da gündəliyində duran vacib vəzifələrdən biridir. Azərbaycan bu həssas məsələyə həm də bu təsisat vasitəsilə töhfə verir. Türk ailəsindən dəstək həm də ev sahibliyi edəcəyimiz COP29 konfransı ilə bağlı da mövcuddur. Bu tədbirin bütün spekulyasiyaların üstündən xətt çəkərək ən yüksək səviyyədə keçirilməsi Azərbaycan üçün mühüm məsələ olduğundan ailəmizin üzvlərinin bu işdə də dəstəyini yüksək dəyərləndiririk.
Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın əldə etdiyi Qarabağ Zəfəri Türk dünyası üçün həqiqətən də yeni bir müqəddimə oldu. Türk dünyasının cazibə qüvvəsi Azərbaycan-Türkiyə qardaşlığı, münasibətləridir. Digər türk dövlətləri də bu qüvvədən, birlikdən güc alaraq ona doğru çəkilirlər. Hər zaman yeni təşəbbüslərin dəstəkçisi, ən önəmlisi icraçısı olan dövlət başçımızın daha bir təşəbbüsü ilə Şuşada əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türkün ürəyi Qarabağda döyünəcək, nəbzi Şuşada atacaq. Onu da qeyd edək ki, Prezident İlham Əliyev Şimali Kipr Prezidentini də Şuşaya dəvət edib. Deməli, "Yavru Vatan" da qanadlarımız altına alınaraq müdafiə olunur. Bu qoruyuculuq missiyası Türkilli Dövlətlər Təşkilatının artan gücündən, bilavasitə isə cənab Prezident İlham Əliyevin güclü şəxsi keyfiyyətlərindən xəbər verir. Azərbaycanın hərtərəfli Zəfəri beynəlxalq nəqliyyatın, rabitənin, və ticarətin əvvəlcə hərbi, sonra isə siyasi vasitələrlə inkişafını təmin etdi və davam edir. Orta Dəhliz isə sadəcə Türk dünyası üçün vacib deyil, qlobal miqyasda lazımlıdır. Nəqliyyat və kommunikasiyalar çoxölçülü beynəlxalq prosesdir. Bu baxımdan Orta Dəhlizin önəmi böyükdür. Deməli, Azərbaycan qlobal iqtisadiyyatın inkişafı və şaxələndirilməsində oynadığı fəal rolu daha da artırır.
TÜRKPA Nümayəndə heyəti ilə görüşdə məsələlər kompleks şəkildə ələ alınsa da, heyətə daxil olan ölkələrin dövlət başçılarının çox yaxında keçmişdə ölkəmizə reallaşdırdığı səfərləri də nəzərə alsaq, deməli, detallar ayrı-ayrılıqda da razılaşdırılıb".