Sədrliyin Azərbaycana keçməsi TÜRKPA-ya müsbət töhfələr verəcək- ÖZƏL
6 İyun 2024 17:05 Siyasət"Türk Dövlətləri Parlament Assambleyası, yəni TÜRKPA-ya sərdlik rotasiya qaydasında Türkiyədən Azərbaycana keçdi. Diqqətinizə çatdırım ki, Türkdilli Dövlətlərin Parlament Assambleyası 2008-ci ilin noyabrında Türkiyənin İstanbul şəhərinin Dolma Bağça Sarayında türk dövlətlərinin parlament rəhbərləri tərəfindən imzalanmış sənədə əsasən yaradılmışdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov qeyd edib:
"Türk dövlətlərinin təmsil olunduğu bu təsisat yarandıqdan sonra təsadüfi deyil ki, 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı və ondan sonra bu əlaqələr gücləndir. Nəhayət, bu proseslərin məntiqi nəticəsi kimi, yəni həm TÜRKPA-nın, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşılıqlı şəkildə əməkdaşlığı, türkdilli dövlətlərin intensiv təmasları və müxtəlif istiqamətlərdə birliyi gətirib ona çıxardı ki, 2021-ci ildə Azərbaycanın işğala son qoyan, ərazi bütövlüyünü təmin edən qələbəsindən sonra artıq türk dövlətləri təşkilatına çevrildi və bu da İstanbul şəhərində rəsmiləşdirildi. Bu məsələnin rəsmiləşməsində Azərbaycan dövlətinin və konkret olaraq Prezident İlham Əliyevin təşəbbüsünü, o cümlədən də Türkiyə dövlətinin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini unutmaq olmaz. Bu proses 400-500 milyonluq, yəni təxminən yarım milyarda yaxın türkü öz əhatə dairəsində birləşdirən, türkdilli, türk əsilli insanları çətir altında birləşdirən Türk Dövlətləri Təşkilatının yaranmasına gətirib çıxardı. Biz artıq bunun şahidiyik ki, 2021-ci ildə Türk Dövlətləri Təşkilatının yaranmasından sonra həmin o təşkilatın üzv dövlətlərinin artıq müxtəlif səviyyələrdə görüşləri keçirilir. Dövlət başçıları, hökumət başçıları, dini qurumlar, xarici işlər nazirləri, müdafiə nazirləri, təhsil nazirləri səviyyəsində görüşlər keçirilir. Səhv etmirəmsə, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının rəhbərlərinin Şuşada qeyri-rəsmi görüşü keçiriləcək. Bütün bunlar türk dünyasının formalaşması baxımından türk dünyasının böyük bir coğrafiya üzərində birliyi, müxtəlif istiqamətlərdə əməkdaşlığı və formalaşmasında öz mövqeyini ortaya qoymasına gətirib çıxarıb ki, bu da hər bir halda bu təşkilata üzv olan dövlətlərin hər birinin iqtisadi, siyasi, hərbi, mədəni baxımdan və eyni zamanda digər istiqamətlərdə güclənməsinə hesablanmış addımdır. Düşünürəm ki, əslində belə böyük bir addımın atılması Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyevin həm türk dünyasında, həm də ümumilikdə dünyada və regionda şəxsi nüfuzunun, ona olan rəğbətin, sözünə olan etimadın və etibarın olmasından irəli gəlir. Çünki belə bir coğrafiyanın formalaşması heç də rahat başa gəlmir və bu özünə böyük bir marağı, diqqətləri cəlb edir. Təbii ki, bunu istəyənlərlə yanaşı istəməyənlər, buna qarşı olan qüvvələr də var. Buna qarşı olan qüvvələrin mövqeyini nəzərə alan hər bir dövlət bu təşkilatda birləşmək riskini üzərinə götürmür. Prezident İlham Əliyevin sözünün dəyəri, Azərbaycan dövlətinin və onun rəhbərinin nüfuzu, gücü və dünyadakı mövqeyi ona əsas verdi ki, bizim çağırışımız, Prezident İlham Əliyevin səyləri, təşəbbüsü ilə Türkiyə dövlətinin rəhbəri, Türkiyə və digər dövlətlər bu təşkilatda birləşməklə bağlı mövqe ortaya qoydular. Artıq müşahidəçi qismində Macarıstan kimi dövlət bu prosesdə iştirak edir. Ən son Azərbaycanın təşəbbüsü ilə Şimali Kipr Türk Respublikasının rəhbərliyinin bu prosesdə iştiraka cəlb edilməsi coğrafiyanın daha da böyüməsindən xəbər verir. Düşünürəm ki, biz bu yolla, əslində böyük bir coğrafiyanı, coğrafiyada yaşayan insanları hansısa məkrli, hiyləgər qüvvələrin təhlükəli planlarından, hücumlarından qorumaqla bağlı da addım atırıq. Gələcəkdə qlobal səviyyədə baş verən proseslərdə Türk Dövlətləri Təşkilatının, həm də TÜRKPA-ya üzvü olan dövlətlərin, elə eyni təşkilatda, təsisatda təmsil olunan dövlətlərdir ki, bu istiqamətdə daha da sıx birləşməsinə gətirib çıxaracaq. TÜRKPA, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər müstəqil dövlət, demokratik ölkələrdir. Onlarda parlament, qanunvericilik hakimiyyəti mövcuddur. Hakimiyyətlərin bölgüsü prinsipinə əsasən, müstəqil şəkildə fəaliyyət göstərən parlamentlərin bu təşkilatda birləşməsi əslində bu təsisatın, o cümlədən də Türk Dövlətləri Təşkilatının birləşməsinə yalnız və yalnız müsbət təsir göstərə bilər. Sədrliyin Azərbaycana keçməsi bu təşkilata yalnız və yalnız müsbət töhfə verər. Çünki Azərbaycan artıq müxtəlif təşkilatlarda- BMT Təhlükəsizlik Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında 4 illik uğurlu rəhbərliyi və digər təsisatlarda həm aktiv fəaliyyəti, həm də rəhbərliyi ilə artıq sübuta yetirib ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri necə yerinə yetirir. Biz bu il COP-29 kimi beynəlxalq səviyyədə ən nüfuzlu, 100 minə yaxın insanın iştirak edəcəyi bir tədbirə ev sahibliyi edirik. Təbii ki, bu məqamda, bu ildə, bu tarixdə, bu təqvimdə, həm də bizim TÜRKPA-ya sədrlik etməyimiz çox önəmli bir hadisədir. Düşünürəm ki, bizim sədrliyimiz altında TÜRKPA və Türk Dövlətləri Təşkilatını bu prosesdən çox müsbət töhfə alacaq. Bu təsisatın yaradılması ilə bağlı qarşıya qoyulmuş məqsədlərə xidmət edilməsi baxımından çox uğurlu addımların atılacağına şübhəmiz yoxdur".
Qiymət Mahir