İranda prezident seçkiləri ölkə üçün böyük bir siyasi kampaniyadır - ÖZƏL
6 İyun 2024 16:41 Siyasət"İranda prezident seçkiləri sözsüz ki, ölkə üçün böyük bir siyasi kampaniyadır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
"Adətən belə kampaniyalar vaxtı İran hakimiyyəti öz mövqeyini, həm də radikal dəstixətt sahiblərinin mövqeyini daha da möhkəmləndirmək üçün bir əsas kimi istifadə edir.
Hazırda seçki kampaniyasının ən qızğın dövrüdür. Namizədlərin irəli sürülməsi və təsdiqlənməsi mərhələsi davam edir. Yəqin ki, az sonra biz səsvermənin də şahidi olacağıq. Heç şübhə yoxdur ki, İranda prezident seçkilərində kiminsə qalib gəlməsi burada rejimin xarakterini dəyişməyəcək, İranın xarici siyasətini və yaxud da daxili siyasətini dəyişməyəcək. Bütün ehtimallara görə, İran prezidentinin ölümü daha çox bu ölkədə hakimiyyət içində olan və bir-birilə rəqabət və düşmənçilik aparan qrupların işi idi. Ona görə ki, xaricdən bu məsələyə hər hansı bir müdaxilə üçün ehtiyac yox idi. Hər kəs yaxşı bilir ki, İran prezidentinin nominal olaraq dəyişdirilməsi bu ölkənin daxili və xarici siyasətinə heç bir halda təsir göstərməz. Həm də bu müddət ərzində İranda Rəisinin ölümü ilə bağlı hansısa bir xarici mənbələrin və yaxud xarici qüvvələrin iştirakı ilə bağlı hər hansı bir ciddi versiya da ortaya çıxmadı və bu da bir daha təsdiqləyir ki, rəisinin ölümü İran hakimiyyəti daxilində haqq-hesab çürütmələrinin və çəkişmələrin birbaşa nəticəsi idi.
Belə bir şəraitdə növbəti prezidentin nominal olaraq kimliyi bəlli olmasa da, amma onun hansı siyasi dairələrin təmsilçisi olacağı gün kimi aydındır. Şəxsən mən bilirəm ki, bu İranda sərt dəstixətt və ifrat mühafizəkar siyasi kursun tərəfdarlarından kimsə olacaq. Çünki İran bu seçkiyə rejimin ölkə daxilində daha da möhkəmləndirilməsi üçün həm də bir vasitə kimi baxır. Ona görə seçkilərdə kiminsə qələbəsi İranın nə daxili, nə də xarici siyasətində İran rejiminin maraqlarından kənarda hər hansı bir nəticəni hasil etməyəcək. Bu seçki formal bir seçkidir. Sadəcə, nominal ad dəyişiklikdir, çünki İranın həm daxili, həm də xarici siyasəti olduğu kimi davam etdiriləcək".
Röyalə Xəyal