Göyçə qubernatoru o qədər böyük siyasi fiqur deyil ki, onun açıqlamalarını ərazi iddiaları kimi qəbul edək - ÖZƏL

"Göyçənin erməni qubernatoru Karen Sərkisyanın açıqlaması Azərbaycana qarşı ərazi iddialarından doğan xülyadan başqa bir şey deyil". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Çünki Ermənistanın Göyçə quberniyasının qubernatoru o qədər böyük siyasi və ya hərbi fiqur deyil ki, onun açıqlamalarını biz narahat olacaq dərəcədə ərazi iddiaları kimi qəbul edə bilək. Bu, sadəcə köhnə ərazi iddialarından doğan ərazi xəyallarından başqa bir şey deyil. Ona görə ki, Ermənistan hələ Vətən müharibəsi bitəndən sonrakı üç il ərzində Azərbaycanın guya Ermənistanla sərhədlərdə bir neçə ərazini işğal etdiyini bütün dünyaya car çəkirdi. O cümlədən, Ermənistan hərbi siyasi rəhbərliyi 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında Ermənistanın guya hansısa yüksəkliklərini, ərazilərini işğal etdiyi ilə bağlı müxtəlif tribunalarda hay-küylər qaldırdılar.

Görsənir ki, Ermənistanda bəzi məmurların xəyallarından hələ də bu xülyalar çıxmayıb. Hələ də onlar elə başa düşürlər ki, Azərbaycan doğrudan da Ermənistana məxsus olan əraziləri dediyim müddətlərdə işğal edərək, hələ də işğal altında saxlayıb.
Bu cür bəyanatlarda məqsəd dünyaya bir daha xatırlatmaqdır ki, guya Azərbaycan bizim hansısa sərhədlərdəki ərazilərimizi və ya yüksəklikləri işğal altında saxlayır. Buna görə də, belə bəyanatlardan, yəni bu cür fiqurların belə bəyanatlarından heç narahat olmağa dəyməz. Çünki onların hansı mənbələrə söykəndiyi bizə yaxşı məlumdur. 
O ki qaldı, onların guya Azərbaycanın bu ərazilərdən çıxması ilə bağlı güc tətbiq etməsinə, əlbəttə, bu da xülyadan başqa bir şey deyil. İndi hamı bilir ki, Ermənistanın hazırda Azərbaycana güc tətbiq etmək üçün nə bir gücü, imkanı, nə də bunun üçün əsası yoxdur. Ona görə ki, Ermənistan faktiki işğalçı, təcavüzkar ölkə kimi tanınıb, təcavüzkar cəzalandırılıb, öz yuvasına sıxışdırılıb və bundan sonra Ermənistanın özündən hərbi, siyasi cəhətdən qat-qat güclü olan bir ölkəyə hansısa hərbi müqavimət və yaxud da hərbi təcavüz təşkil etməyə gücü və cəsarəti yetərli deyil. 
Dediyim kimi, bu bəyanat sadəcə olaraq, Azərbaycanın guya Ermənistanın hansısa ərazilərini işğal altında saxlaması ilə bağlı köhnə xəyalları davam etdirmək niyyətindən başqa bir şey deyil".

Röyalə  Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31