ABŞ öz zərərinə olmayan siyasətə üstünlük verməyə çalışır- ÖZƏL
6 İyun 2024 16:35 Siyasət"Bəllidir ki, Azərbaycanla ABŞ arasında münasibətlər həmişə hamar olmayıb. Müxtəlif dönəmlərdə, xüsusilə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:
"Biz, xüsusilə İkinci Vətən müharibəsindən sonrakı dönəmdə Fransa ilə yanaşı, ABŞ-nin Azərbaycana qarşı kifayət qədər adekvat olmayan münasibətlərini gördük. Təbii ki, burada ABŞ-nin müəyyən strateji xətti müşahidə olunsa da, xüsusilə konqresdə erməni lobbisinin dəstəyi və təsiri ilə ələ alınan konqresmenlər tərəfindən absurd iddialar səsləndirilirdi. Bu da Azərbaycanla ABŞ arasında münasibətlərə ciddi şəkildə təsir edirdi. Azərbaycan bütün təzyiqlərə rəğmən öz müstəqil siyasətini davam etdirdi. Fransa və ABŞ-nin təzyiqləri bumeranq effekti verdi. Azərbaycan öz qətiyyətli, prinsipial mövqeyindən geri çəkilmir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz siyasətini davam etdirir. ABŞ başa düşür ki, Azərbaycana təzyiq etməklə Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməsi mümkün deyil. Bu, ABŞ-nin bölgədən uzaqlaşması ilə nəticələnəcək. Ona görə də ABŞ çalışır ki, öz zərərinə olmayan siyasətə üstünlük versin və Azərbaycanla münasibətlərini normaya salsın. Hesab edirəm ki, göndərilən məktubların mahiyyəti bunu deməyə əsas verir. Azərbaycan ABŞ ilə yanaşı, Avropa İttifaqı ilə və digər dövlətlərlə münasibətlərini yalnız öz maraqları çərçivəsində qurur. Azərbaycan öz maraqları çərçivəsindən çıxış edir və ABŞ ilə də münasibətlər inkişaf edəcəksə, Azərbaycanın burada prinsipial mövqeyi və maraqları yenə də prioritet təşkil edəcək".