Baydenin məktubları ziddiyyət təşkil edən siyasətin xeyrimizə çevrilməsinə təkan verdi-Elmir Səftərov- ÖZƏL

"Son illərdə baş verən mürəkkəb proseslər səbəbindən əvvəlcə koronavirus pandemiyası, sonrasında isə Rusiya-Ukrayna müharibəsi fonunda dünyada enerji böhranının təməli qoyuldu və genişləndi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Bu faktları Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol da öz müsahibəsində bildirmişdi ki, dünya ciddi enerji böhranı ilə üzləşə bilər. Bu da enerji idxalatçılarını ənənəvi enerjinin əldə olunmasında çətin vəziyyətə salan amillər kimi xarakterizə olunur. Qlobal güclərin isə daxil olduğu təşkilatlar və enerji resurslarına ehtiyac duyan müttəfiq dövlətlər qarşısında məsuliyyətini daha da artırır. 

"OPEC+" ölkələrinin gündəlik neft hasilatını azaltmaq barədə təşəbbüsləri də bu qəbildən olan cəhdlərdəndir. Artıq böyük neft ixracatçıları da neft və qaz kimi ənənəvi enerjiyə qənaət edilməsi və ona alternativ isə bərpa olunan enerjiyə keçid istiqamətində addımlar atırlar. Həmin dövlətlərdən biri də etibarlı enerji  təchizaçı olan Azərbaycandır. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji zonasına çevrilməsi istiqamətindəki tapşırıqları da həmin yerlərdə böyük bərpa olunan enerji potensialının olmasını deməyə əsas verir. 
Həyata keçirdiyi siyasət kursunu sözdə deyil, praktiki olaraq da tətbiq edən Azərbaycan qlobal aktor kimi dünyadakı problemlərin həllində də öz tətbiq mexanizmlərini və təşəbbüslərini irəli sürür. Ölkəmizdə keçiriləcək COP29 forumu da bu baxımdan bütün diqqətləri Azərbaycanın üzərinə çəkdiyi kimi, ölkəmizi bizi sevməyən dairələrin
müəyyən çağırışları və təxribatları ilə üz-üzə qoyur. 

Bunun bariz nümunəsi isə ABŞ Konqresinin 26 nəfərlik heyətinin ABŞ Dövlət katibi Antoni Blinkenə və bu ölkənin Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət etməsidir. Konqresmenlərin COP29-un Azərbaycanda keçirilməməsinə çağırış etməsi fonunda ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə bir həftə ərzində iki məktub göndərməsi ziddiyyət təşkil edən siyasətin xeyrimizə çevrilməsinə təkan verdi. Eyni zamanda, bu cür təxribatların və qərəzli davranışların ölkəmizi sevməyən qüvvələr tərəfindən erməni lobbisinin maliyyə dəstəyi ilə hazırlandığını deməyə əsas verir. ABŞ Prezidentinin isə Azərbaycana COP29-la bağlı dəstək mesajları Vaşinqtonla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin ABŞ Azərbaycanla münasibətlərində həqiqətən də səmimidirsə, Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorumalıdır. Belə olduğu təqdirdə ikitərəfli əlaqələr daha da inkişaf edə bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31