ABŞ regional dövlət olan Azərbaycana tam etimad göstərir-Vüqar Əhmədov- ÖZƏL

"Elə sahələr var ki, onlar üzrə ixtisaslaşmaq üçün ölkələrə yüzilliklər lazım olur, lakin Azərbaycan enerji sahəsi üzrə çox qısa zamanda özünü qlobal səviyyədə sübut etmiş ölkəyə çevrilib. Neft və qaz Azərbaycan iqtisadiyyatı üçün yalnız gəlir yeri deyil, eyni zamanda yaşadığımız regionun, indiki mürəkkəb geosiyasi dönəmdə Qərbin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Təsadüfdən və ya zərurətdən, ölkəmizdə artıq ənənə halını almış və öz işinə başlamış 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və COP29 Tərəflər konfransı eyni ilə təsadüf edir. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda Azərbaycanda enerji sahəsində öz ölkəsi və ümumilikdə region üçün həyata keçirdiyi önəmli işlərdən bəhs olunur. Bu onu göstərir ki, ABŞ Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələri, regionun enerji təhlükəsizliyi, müasir dünyamızın əsas çağırışı olan yaşıl enerjiyə keçidi yüksək qiymətləndirir. Məktubun məzmunundan da belə qənaətə gəlmək olar ki, ABŞ Azərbaycanın bu istiqamətdə fəal iş aparmasında razılığını ifadə edir və bunu dəstəkləyir. Bu məqamda qeyd etmək lazımdır ki, Yaxın Şərq və digər regionlarda enerji ilə zəngin bir çox ölkələr var, lakin ABŞ çox az sayda ölkələrə belə yüksək qiymət verir. Azərbaycan müasir dünyada məhz enerji şaxələndirilməsi, yüksək texnologiyaların tətbiqi və alternativ enerjini inkişaf etdirən nadir dövlətlərdəndir. 

Azərbaycan-ABŞ ikitərəfli gündəliyi bu gün kifayət qədər zəngindir və iki ölkə arasında enerji məsələləri, texnoloji inkişaf, regional təhlükəsizlik və COP29 istiqamətində məsələləri ehtiva edir. Birləşmiş Ştatlar bir regional dövlət olan Azərbaycana tam etimad göstərir, ölkəmizin Cənubi Qafqaz və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir. Bu amillər ABŞ-la Azərbaycan arasında ikitərəfli və diplomatik əlaqələrin yüksək səviyyədə olmasından və bunun birbaşa regional təhlükəsizliyə xidmət etməsini təsdiq edir. Azərbaycan da bu cür önəmli layihələrin icrasını öz üzərinə götürməklə dəyərlərə sadiq olduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri bundan sonra da bir çox sahələr üzrə inkişaf edəcək və regional təhlükəsizliyə öz töhfəsini verəcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31