2027-2030-cu illərə qədər karbon emissiyasını xeyli dərəcədə azaldacağıq- ÖZƏL
6 İyun 2024 15:05 Siyasət"Azərbaycanda çox böyük miqyaslı bir tədbir keçirilir. Həm iştirakçıların, həm ölkələrin, həm də təmsil olunan şirkətlərin sayı bu miqyasın böyüklüyündən xəbər verir. Bir daha göstərir ki, Azərbaycan bölgədə və ümumiyyətlə, Avrasiya məkanında özünə məxsus vacib enerji mərkəzlərindən birinə çevrilərək həm də geniş axtarış platforması planlaşdırıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib:
"Çünki hal-hazırda dünya çox mürəkkəb, təzadlı bir dövr yaşayır. Həcm etibarilə dünya istehsal prosesi artır. Baxmayaraq ki, tənəzzül meyilləri qüvvədədir. Digər tərəfdən enerjiyə təlabat artır. Enerji generasiyasının nə dərəcədə siyasi məsələyə çevrildiyini görürük. İstənilən dövlət əgər çox cəsarərli baxışlarla gələcəyi qarşılaya bilirsə, onun inkişaf meyilləri artımlarla bağlıdırsa, ilk növbədə gərək enerji generasiyasını həll etsin və aydın şəkildə bilsin ki, onun problemləri bu istiqamətdə olmayacaq. Digər tərəfdən də Avropanın çox etibarlı tərəfdaşı olaraq enerji təhlükəsizliyinə çox böyük pay veririk. Ənənəvi qaz resurslarını ötürməklə bərabər həm də yaşıl enerjiyə köklənirik. Bu da çox böyük gələcəyi olan bir istiqamətdir. Ona görə də Bakı platformasında indi həm şirkətlərin nümayəndələri arasında məsləhətləşmələr, həm danışıqlar, həm razılaşmalar əldə olunub. Digər tərəfdən texnoloji və texniki tapıntıların, yeniliklərin tətbiqi məsələsi də gündəmdədir. Çünki istər istəməz, bütün insan cəmiyyəti iqlim dəyişiklikləri ilə, qlobal istiliklə üz-üzədir. Bu problemlərin həlli üçün həm həmkarlıq, həm həmrəylik lazımdır. Digər tərəfdən Azərbaycan COP29-a evsahibliyi edəcək. Necə deyərlər, bu tədbirə əliboş gəlmək olmaz. Faktiki olaraq indidən iştirakçılar artıq öz fikirlərini toparlayır, ideya və yanaşmalarını korrektə edirlər ki, noyabr ayında Bakıda öz baxışlarını, yanaşmalarını lazımi qaydada və layiqli şəkildə təqdim etsinlər. Bakı isə bunun üçün çox gözəl, əlverişli şərait yaradır. Prezidentin çıxışından da məlumdur ki, bizdə qaz hasilatında artım var. Həm də qazın özünün ekomomiyası da var. Çünki biz artıq demək olar ki, yaşıl enerjini istehsal etməyə başlamışıq. Bu keçid qaçınılmazdır. Azərbaycan birada çox yığcam bir ölkə olmağına baxmayaraq böyük istiqamətlərdə, vacib taleyüklü, əhəmiyyətli sahələrdə özü göstərir ki, biz vaxt itirmədən yeni texnoloji tapıntıları tətbiq etməyə başlamalıyıq, aparıcı şirkətlərin qurğularını istifadə etməliyik. Enerji həftəsi çərçivəsində artlq Azərbaycanda üç yeni elektrik enerjisi istehsal edən müəssisənin təməli qoyuldu. Bunlardan ikisi günəş, digəri külək enerjisində işləyəcək. Ənənəvi tərəfdaşımız olan BƏƏ-nin "Masdar" və digər şirkətləri də bu prosesə qatılıblar. Demək olar ki gündəmdə olan ən vacib məsələlərlə bağlı həll alqoritmlərini formalaşdırır, tərtib edir, tətbiq edirik. Burada baxışlar gərək mütləq fərqli olsun. Çünki yanaşmaların müxtəlif olduğu halda kəsişmə nöqtəsində yeni, çox mütərəqqi baxışlar ortaya çıxır. Ona görə də Azərbaycan bu məsələlərin hamısına böyük əhəmiyyət verir. 2027-2030-cu illərə qədər karbon emissiyasını xeyli dərəcədə azaldacağıq. Azad olunmuş Qarabağ torpaqları, Naxçıvan Muxtar Respublikası və Azərbaycanın digər yerlərində də karbon emissiyası sıfır səviyyəsində olacaq. Bu özünəməxsus bir etalondur. Bir çox ölkələr gərək bunu tətbiq üçün nəzərə alsınlar və digər tərəfdən də Azərbaycanın bu vacib, qaçılmaz olan məsələlərdəki fəallığını öz hərəkətləri, dinamik yanaşmaları ilə təsdiqləsinlər. Bakı Enerji Həftəsinin də əsas qayələrindən biri odur ki, bütün iştirakçılar bir araya toplaşaraq həm faydalansınlar, həm də yeni mənəvi enerji alaraq onu fiziki enerjiyə transfer etməyə müvəffəq olsunlar".
Zeynəb Rzayeva, Olaylar.az