Hər iki tərəf-Rusiya və Qərb Azərbaycana etibarlı müttəfiq kimi baxır- ÖZƏL

"Azərbaycanın önəmi artıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq olunan sanksiyalar, Rusiyanın da Qərblə enerji  sahəsində əməkdaşlığını kəsməsi Azərbaycanın önəmini çoxaldıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Azərbaycan bu sahədə Rusiyanı əvəz etmək niyyətində deyil, amma Azərbaycan Qərbin enerji təchizatının yaxşılaşdırılması üçün çox mühüm əhəmiyyət kəsb edən ölkədir. Bu səbəbdən Azərbaycanın önəmi atıb. Eyni zamanda Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda əsas söz sahibinə çevrilib. Hal-hazırda Azərbaycanın icazəsi olmadan regionda hansısa bir layihəni həyata keçirmək həm Qərb, həm də digər dövlətlər üçün mümkünsüzdür. Azərbaycan Şərq və Qərb arasında mühüm tranzit ölkəyə çevrilib. Nəticə etibarilə biz bu sahədə də Azərbaycanın böyük önəminin şahidi oluruq. Bütün bunların fonunda ABŞ-nin Azərbaycana bu dərəcədə maraq göstərməsi təbiidir. ABŞ-nin regionda bu günə qədərki əsas müttəfiqi Gürcüstan idi. Gürcüstanla Qərb arasında hazırda soyuq yellər əsir. Ermənistanla da eyni formada əməkdaşlığın davam etdirilməsi mümkün görünmür. Biz, bu yaxınlarda Putinin Azərbaycanla bağlı çox müsbət açıqlamalarına da şahid olduq. Azərbaycanla münasibətlərin çox normal şəkildə getdiyini bildirdi. İstər Rusiya, istər Qərb olsun, Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan öz maraqlarını qoruyaraq və qarşı tərəfin də maraqlarını gözləyərək çox mühüm əməkdaşlıq formatı həyata keçirir və bu hər tərəfə sərf edir. Azərbaycan digər ölkələrlə etibarlı əməkdaşlıq mühiti qurur. Buna görə də həftə ərzində ABŞ-nin Prezident səviyyəsində Azərbaycana iki dəfə məktub göndərməsi Azərbaycana nə qədər önəm verdiyini göstərir. Hər iki tərəf-Rusiya və Qərb hal-hazırda Azərbaycana etibarlı müttəfiq kimi baxır. Bu, bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər düzgün olduğunu sübut edir. Keçirilən siyasət nəticəsində Azərbaycanın dünya miqyasında mövqeyi güclənmiş və Azərbaycan Şərqin və Qərbin, ümumilikdə dünyanın ən güclü tərəfdaşına çevrilmişdir. Bütün ölkələr Azərbaycanda tərəfdaşlıq üçün can atırlar. Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər".

Qiymət Mahir, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31