Azərbaycan Qərb üçün əvəzolunmaz tərəfdaşa çevriləcək- ÖZƏL

"ABŞ Prezidentinin Azərbaycana bir həftə ərzində ardıcıl iki məktub göndərməsi Azərbaycanın dünyada artan nüfuzunun ən real əlaməti, sübutudur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Prezident Baydenin həmin məktublarının birində belə bir cümlə yer alır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Azərbaycanın dünyadakı rolu dəyişmiş, artmış olacaq. Bu, faktiki olaraq Ağ Evin, ABŞ-ın Azərbaycanın beynəlxalq proseslərdə aparıcı dövlətlərin sırasına qatıldığını etiraf etməsi deməkdir. Ağ Evdə son bir il ərzində baş verən regional hadisələrin nəticəsində anladılar ki, Cənubi Qafqazda yeganə geopolitik iradə mərkəzi məhz Azərbaycandır. ABŞ-nin və ya hər hansısa Qərb dövlətinin Cənubi Qafqazda hər hansı maraqları varsa, mütləq rəsmi Bakı ilə anlaşmaq, münasibətləri inkişaf etdirmək məcburiyyətindədir. Ona görə də Baydenin Azərbaycana qarşı diqqəti artırmış vəziyyətdədir. Böyük ehtimalla bundan sonrakı dövrlərdə  ABŞ-Azərbaycan münasibətləri yalnız yüksələn xətlə inkişaf etməyə başlayacaq. Bunun ABŞ üçün alternativi yoxdur. Prezident Bayden Azərbaycan-Ermənistan sülh sazişinə eyham vurmuş olsa belə, Azərbaycanın dünyada rolunun artması ilə bağlı məqamı qeyd etməsi faktiki olaraq ABŞ-nin Azərbaycanın beynəlxalq aparıcı dövlətlər sırasına qatılmasını etiraf etməsi deməkdir. Bundan sonra  ABŞ Azərbaycanla beynəlxalq oyunçular səviyyəsində münasibətlər qurmaq məcburiyyətində qalacaq, çünki dünyanın ən önəmli regionlarından biri Cənubi Qafqazdır. Cənubi Qafqaz Asiya ilə Avropanı birləşdirəcək bir məkandır. Qərbin, Avropa dövlətlərinin Xəzər hövzəsində, eləcə də Orta Asiyada çox ciddi maraqları var. Bu maraqların təmin olunması məhz Cənubi Qafqaz üzərindən marşrutların açılmasından keçir. Bu da yalnız Azərbaycanla anlaşmaqdan asılıdır. Azərbaycan burada əsas açar dövlətdir. Qərb ölkələri üçün aktual və vacib olan məsələnin həlli məhz rəsmi Bakının maraqlarının, Azərbaycanın mənafelərinin təmin olunmasından keçir. Ona görə də yəqin ki, bundan sonra çox önəmli coğrafi mövqedə yerləşən Azərbaycan Qərb üçün əvəzolunmaz tərəfdaşa çevriləcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31