Azərbaycanla ABŞ-nin əlaqələri yüksələn şkalaya doğru gedəcək-Aqşin Kərimov- ÖZƏL

"ABŞ Prezidenti Co Baydenin Azərbaycan lideri İlham Əliyevə bir həftə ərzində iki dəfə məktub göndərməsi Ağ Evin ikitərəfli və regional əməkdaşlığı davam etdirmək məntiqini ifadə edir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib:

"ABŞ Azərbaycanla strateji tərəfdaşlıq qurmaq niyyətinin irəliləyişini qiymətləndirmək istəyir. 

Bu isə bütövlükdə həm ABŞ-nin, həm də Azərbaycanın Cənubi Qafqazda müştərək maraqlarını qabağa apara bilmək potensiallarına yardımçı olur. 

Baydenin məktubunu şərh edərkən deyə bilərik ki, Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi qövsündə həyati əhəmiyyətli mövqeyə doğru irəliləməsini yüksək dəyərləndirir. 

Bununla da ABŞ Azərbaycana davamlı diqqətini vurğulamaq zərurətini hiss edir. Mümkündür ki, Ağ Ev Azərbaycan-Ermənistan sülh gündəliyinə yanaşmada tutduğu mövqeni Bakının xeyrinə daha çox dəyişdirsin. Çünki bu gün ABŞ-nin Azərbaycana ehtiyacı var, hərçənd Bakı da Vaşinqtonla əməkdaşlığı irəlilətməkdə maraqlıdır. 

Hesab aparmaq olar ki, Azərbaycanla ABŞ-nin əlaqələri yüksələn şkalaya doğru gedəcək. Bu, iki dövlət arasında uzunmüddətli təhlükəsizlik əməkdaşlığından tutmuş, enerji sahəsindəki əlaqələrə qədər geniş yanaşmaya əsaslanır".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31