Amerikadan gələn məktublar onu göstərir ki...- Sahil Kərimli- ÖZƏL

"Amerika Birləşmiş Ştatları bəzi məqamlarda antiazərbaycan siyasəti yürütsə, Ermənistanın dəstəklənməsi istiqamətində müəyyən cəhdlərə rəvac versə də, birmənalı olaraq Azərbaycanın Cənubi Qafqazdakı yerini və xüsusi mühüm rolunu qəbul edir və Azərbaycanın mövqeyi ilə razılaşır".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Nəhəng enerji layihələri ilə, Avropanın enerji təminatçısı rolunu xüsusi peşəkarlıq və müvəffəqiyyətlə oynamaqla, eyni zamanda 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən, bölgədə xüsusi güc sahibi olduğunu bir daha təsdiqlədikdən, ərazi bütövlüyü tam bərpa olunduqdan sonra ABŞ, Qərb, hətta Avropa ölkələri də Azərbaycanla hesablaşırlar, Azərbaycanın bölgədəki faktiki real və birmənalı gücü ilə barışırlar.  ABŞ Prezidentinin son həftələr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktub göndərməsi, Azərbaycanın bölgədəki rolunu xüsusi vurğulanması çox yüksək qiymətləndirilir. Bu gün Azərbaycan bölgədə yeganə güc sahibi, Cənubi Qafqazda lider ölkə kimi qəbul edilir. Bu, çox böyük uğurdur. Azərbaycan son illər həm siyasi, həm də iqtisadi baxımdan hər gün özünü inkişaf etdirir, yəni yerini möhkəmləndirir. Eyni zamanda Azərbaycan çox etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir və etibarlıdır. Bu səbəbdən Azərbaycana hörmətlə yanaşırlar, Azərbaycanın bu siyasətini yüksək qiymətləndirirlər. Amerika Birləşmiş Ştatlarının Azərbaycana bu mövqeyi artıq anlaşılandır. Bundan sonra hansı halda Bakı Vaşinqton əlaqələrinin inkişafından danışsaq, əlbəttə ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edə bilər. Azərbaycanın imkanları, enerji resursları, son illər Yaşıl enerjiyə verdiyi böyük önəm, bu istiqamətdə dünya miqyaslı layihələrin həyata keçirilməsi Amerika Birləşmiş Ştatlarını da maraqlandırır. Xüsusilə də Amerika Prezidentinin məktubunda Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi etməsini məmnunluqla vurğulanır. Azərbaycanın bu istiqamətdə dünyaya verdiyi töhfələr var və bu, Qərb dairələri tərəfindən də yüksək qiymətləndirilir".

Qiymət Mahir, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31