ABŞ bu məsələdə Azərbaycanı dəstəkləyir...-Oqtay Qasımov- ÖZƏL
6 İyun 2024 12:38 Siyasət"Azərbaycanla Amerika arasında keçən ilin sonlarında yaşanan müəyyən soyuqlaşma qısa müddətdə aradan qaldırıldı. Ondan sonrakı dövrdə ABŞ Dövlət katibi Azərbaycan Prezidenti ilə bir neçə dəfə telefon danışıqları apardı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:
"Amerika nümayəndələrinin Azərbaycana səfərləri baş tutdu. O cümlədən Azərbaycan Prezidentinin köməkçisinin ABŞ-ə bu yaxınlarda bir neçə günlük səfəri baş tutdu. Bu səfərdə Amerikanın mühüm orqanları və şəxsləriylə müzakirələr aparıldı. Bunun davamında ABŞ Prezidentinin son həftədə iki dəfə Azərbaycan Prezidentinə göndərdiyi məktubda hər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə vurğu edilir. Azərbaycanın Güney Qafqazdakı rolu, o cümlədən qlobal səviyyədə enerji təhlükəsizliyi təminatında rolu və s. kimi məsələlər mühüm istiqamətlərdir. ABŞ ilə Azərbaycan arasında COP29-un keçirilməsi ilə bağlı mühüm əməkdaşlıq mövcuddur. ABŞ bu məsələdə bütün müqavimətə baxmayaraq Azərbaycanı dəstəkləyir. Baxmayaraq ki, beynəlxalq səviyyədə Azərbaycana qarşı erməni diasporasının, o cümlədən Fransanın dəstəklədiyi bir kampaniya aparılır. Bu kampaniya ilə guya Azərbaycanın enerji daşıyıcılarının istehsalçısı olması önə çəkilir və bunun üzərindən də Azərbaycanın mənfi imicini yaratmağa çalışırlar. Amma Baydenin məktubu həm də bu təbliğata vurulan zərbə kimi dəyərləndirilməlidir. ABŞ Azərbaycanın Güney Qafqazdakı rolunu qəbul edir, yaranmış reallıqları dəyərləndirir. Azərbaycanın Güney Qafqazda artan bundan sonrakı rolunun müsbət dəyərləndirildiyi qeyd edilir. Bu da mühüm amillərdən biridir. O cümlədən nəzərə alsaq ki, ABŞ səfiri də üç il yarımlıq sükutdan sonra Şuşaya səfər etdi, bu da ABŞ-nin Güney Qafqaz siyasətində müəyyən korrektələrinin olması deməkdir".
Zeynəb Rzayeva, Olaylar.az