İri neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır- ÖZƏL
6 İyun 2024 11:39 Siyasət"Azərbaycanın neft-qaz hasilatı və hasil olunmuş karbohidrogenin Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında ölkəmizin önəmli yer tutmasından xəbər verir. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Qərb aparıcı araşdırma mərkəzlərinin ekspertləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərb enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Bir məqam xüsusi ilə diqqəti çəkir. Belə ki, Qərb Xəzərin şərq sahillərindəki karbohidrogen ehtiyyatlarının Avropaya nəql edilməsində Azərbaycan tərəfindən yaradılmış infrastrukturdan istifadə etməkdə maraqlıdır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün münbit şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu".
Alim Hüseynli
Olaylar.az