Azərbaycan neft şirkətinin beynəlxalq layihələrdə iştirak imkanı ciddi bir istiqamətdir- ÖZƏL

"Enerji Həftəsinin ölkəmiz üçün çoxlu yaxşı istiqamətləri var. Ən önəmlisi budur ki, Azərbaycan həm Qafqazda, həm də Mərkəzi Asiyanın enerji layihələrinin birləşdirilməsi istiqamətində mühüm rol alır və almağa da iddialıdır". 

Bu fikirləri iqtisadçı ekspert Xalid Kərimli Olaylar.az-a açıqlamasında bildirib:

"Alır dedikdə mövcud layihələrimizi, almağa iddialıdır dedikdə isə Mərkəzi Asiya ilə  Avropanın enerji infrastrukturunu birləşdirməyi nəzərdə tuturam. 2 məsələ var ki, ölkəmizin gələcəyini müəyyənləşdirəcək. Birincisi, Cənub Qaz Dəhlizi üzrə qazın ötürmə gücünü iki dəfə artırmaq. Bu mövcud qaz dəhlizinin ötürmə gücünün artırılmasıdır. Bunun üçün tək investorlarla tikinti məsələsi problemi yox, həm də alış müqavilələri imzalanmalıdır, avropalılar öhdəlik götürməlidir ki, biz buradan çıxan artırılmış ixrac olunan qazı almalıyıq. Çünki investorlar istənilən layihəyə birbaşa pul qoymurlar. Cənub Qaz Dəhlizinin hazırki ötürmə gücü 22 milyard kubmetr ətrafındadır. Bunu 31, 32 milyarda qaldırmağa çalışırıq. Azərbaycan yaşıl enerji istehsalını ciddi surətdə artırmağı planlaşdırıb. Hazırda Azərbaycanın enerji istehsalında yaşıl mənbələr əsasında istehsalın gücü 4,5 faizi keçmir. Ən az 2030-cu ilə qədər Azərbaycan bunu 30 faizə kimi artırmağı planlayır. Bu istiqamətdə "Masdar", "BB" və s. şirkətlər ilə əməkdaşlıq edilir. Burada məqsəd Azərbaycanın yaxın gələcəkdə özünün elektrik enerji stansiyalarında alternativ mənbələr əsasında elektrik enerjisinin təchizatının artırılması hesabına boşalan qaz həcmlərini Avropaya satsın. Alternativ mənbələr əsasında enerji hasil edildikdən sonra qaz qənaət olunacaq, öz elektrik stansiyalarımıza vurulmayacaq və Avropaya satılacaq. İkinci əsas məqam Qara dənizin dibi ilə Avropaya çəkiləcək kabel-kommunikasiya xətləridir. Bunun nəticəsində Avropaya illik ən az 3 geqavat elektrik enerjisinin ixracı nəzərdə tutulur. Bu da ölkəyə neft, qazla yanaşı elektrik enerjisinin də milyardlarla dollar gəlir gətirə biləcəyini bildirir. Növbəti məsələ Mərkəzi Asiyanın, xüsusən Türkmənistanın qazının, Qazaxıstanın neftinin Azərbaycan üzərindən Avropaya ixrac imkanları və bunun genişləndirilməsi istiqamətindədir ki, Azərbaycan bu məsələlərdə rol alır. Azərbaycan neft şirkətinin beynəlxalq layihələrdə iştirak imkanı özü də ciddi bir istiqamətdir. Ölkəmiz üçün çox vacib bir tədbirdir və ölkəmiz bu proseslərin bir çoxunda özü Mərkəzi Asiya ilə Avropanın əlaqələndiricisi kimi iştirak edir ki, bütün bunlar ölkəmizin vacib strateji məsələlərindəndir".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31