Bakı Enerji Həftəsi enerji sənayesi liderlərinin diqqətini Azərbaycana yönəldir- ÖZƏL
5 İyun 2024 11:47 Siyasət"Hər il Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini bir araya gətirir və diqqəti Azərbaycana yönəldir. 37 ölkədən 300-ə yaxın şirkətin Bakı Enerji Həftəsində iştirakını təsdiqləməsi foruma yüksək marağın olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib: "1994-cü ildən keçirilən sərgi-konfransın və forumun təşkilinə pandemiya ilə əlaqədar iki illik fasilə verilməsinə baxmayaraq, bu qədər çox iştirakçı adıçəkilən tədbirə marağın yüksək səviyyədə qaldığını göstərdi. Bu platforma enerji sektorunda ən qabaqcıl texnologiyaların nümayişi, tərəfdaşlar axtarışı, əlaqələrin qurulması və müqavilələrin bağlanması üçün imkanlar yaradır. Ənənəvi forum dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və titullu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır. Ən əsası, Prezident İlham Əliyevin forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır və sonrakı qərarların qəbul olunmasına təsir göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji həftəsinin açılış mərasimində çıxış edərək bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu vurğuladı və Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olan Azərbaycan energetikasının inkişaf perspektivlərini qiymətləndirdi".