Azərbaycanın enerji siyasəti siyasətin ahəngdarlığını daha da gücləndirməyə kömək edir- ÖZƏL
5 İyun 2024 11:45 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında çıxış edərkən Azərbaycanın enerji siyasətinin keçdiyi və bundan sonra da qət etməyi planlaşdırdığı yol haqqında ətraflı məlumat verdi".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu yolun təqdir olunmasının nəticəsidir ki, Azərbaycan yenə də dünyanın siyasi gündəliyinin mərkəzində yer alır, bir çox nüfuzlu media orqanlarının üzqabığını Azərbaycanın dövlət başçısınının şəkilləri bəzəyir. Mühüm məqamlara işıq salmadan öncə aydın məsələdir ki, enerji sürətli iqtisadi artımda əsas rol oynayır, inkişaf imkanları yaradır, ölkələr və qitələrarası milyardlarla insanın həyatını yaxşılaşdırır. Davamlı enerji gələcəyinə keçid birlikdə daha yaxşı bərpa olunmağın kritik aspekti olaraq qalır. Enerji sadəcə iqtisadiyyatın deyil, siyasətin də mərkəzində yer alaraq oynadığı rolu daha da vurğulayır. Dövlətlər ənənəvi resurslara universal çıxış üçün aydın hədəflər irəli sürməklə yanaşı, enerji səmərəliliyini və bərpa olunan enerji mənbələrini də artırmalıdırlar. Azərbaycan sadəcə milli və regional dayanıqlı enerji məqsədlərinə nail olmaqla kifayətlənmir , həm də qlobal miqyaslı addımlar atır. Atılan addımlar gələcək böhranlara daha çox davamlılıq təklif edən daha yaşıl, daha inklüziv enerji sistemlərinin inkişaf etdirilməsinə töhfə verir. Azərbaycanın bu istiqamətdə uğurunu təmin edən başlıca amil ondan ibarətdir ki, enerji siyasətinin düzgün realizə olunması nəticəsində atılan addımlar heç bir halda heç bir aktorun əleyhinə yönəlmir. Bu da siyasətin ahəngdarlığını daha da gücləndirməyə kömək edir və davamlı enerji transformasiyasının maliyyələşdirilməsinə özəl sektoru cəlb etməyə imkan yaradır.
Azərbaycan daha çox dayanıqlılığı təmin edən və iqlim dəyişikliyinin azaldılmasını dəstəkləyən transformasiya edilmiş enerji sisteminin vizyonuna nail olmaq üçün dünyanın maraqlı tərəfləri ilə işləməyə hazırdır. Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə, evsahibliyi edəcəyi COP 29 tədbirinə beynəlxalq dəstək mövcuddur. Tədbir zamanı Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kameranın Azərbaycanda yaşıl enerjiyə keçid prosesinə dəstək vermək üçün COP29-un ilk həftəsində Bakıda Mərkəzi Asiya üzrə İnvestisiya Forumu təşkili fikri bundan xəbər verir.
Bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirən Bakı Enerji Həftəsinin keçirilməsi ilə bütün diqqətlər yenə də Azərbaycana çevrildi. Tədbirin özündə üç böyük tədbiri birləşdirməsi, 37 ölkədən 300-dək şirkətin iştirakı onun sadəcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından önəminin göstəricisidir.
Azərbaycanın bu gün dayanmış olduğu mövqe isə təsadüf deyil. 1994-cü ildə "Əsrin müqaviləsi" kimi böyük bir layihənin çox çətin bir dönəmdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən reallaşdırılması Azərbaycanın bugünkü inkişafını şərtləndirən əsas amildir. Azərbaycan xalqı üçün sevindirici məqam odur ki, həmin strateji, uğurlu dəst-xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Proaktiv siyasət yürüdən Azərbaycan dünyaya töhfə verərək arzu olunan inkişafı sürətləndirir və qlobal inkişaf səhvlərindən qaça biləcək yüksək keyfiyyətli bir mühit formalaşdırmağa kömək edir.
Qarşıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbir dayanır. Bu tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin özünü sübut etməsindən xəbər verir. Buna görə tədbirdə çıxışı zamanı dövlət başçımız bildirdi ki, bizim sözümüzlə əməlimiz birdir.
COP29-un uğurla reallaşması üçün Azərbaycan bütün gücünü səfərbər edir. Eyni zamanda, BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə "Troyka" təsis etməyimiz bu işə ciddi yanaşdığımızdan, kompleks yanaşma ortaya qoyduğumuzdan xəbər verir. Azərbaycanın həm ənənəvi enerji siyasətinin gələcək istiqamətləri düzgün realizə olunur, həm də bərpaolunan enerji sektorunda təşəbbüskar ölkə kimi çıxış edirik. Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" konsepsiyasının tətbiq olunması, bunu praktikada reallaşdırmağımız siyasətimizin ciddiliyindən, uğurlarından xəbər verir. Şahdəniz layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü il də əsası qoyulan layihələr də bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcıdır. Azərbaycan təbii qazını alan səkkiz ölkədən altısı Avropa ölkəsidirsə, deməli, biz həm coğrafiyanı genişləndirməyi bacarmışıq həm də sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaş, etimad göstərilməli aktordur".
Zeynəb Rzayeva, Olaylar.az