Atılan addımların perspektiv imkanları sıfıra bərabərdir- ÖZƏL

"Ermənistanın KTMT-də üzvlüyünü dondurması məsələsi Vətən Müharibəsindən sonra Ermənistanın öz məğlubiyyətinin günahını  Rusiyada axtarması ilə bağlıdır. Ermənistan çalışırdı ki, müharibənin gedişində Rusiya ona dəstək versin. Hesab edirdi ki, Rusiya qeyd-şərtsiz Ermənistana dəstək verəcək və nəticədə Azərbaycan torpaqları işğal altında qalmağa davam edəcək. Bu, baş tutmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

"Bundan sonra Ermənistan danışıqlar prosesində də Rusiyanın dəstəyini almağa çalışırdı. Xüsusilə separatçı qüvvələrin Xankəndində mövcudluğunu saxlamaq, Azərbaycana qarşı bu kartdan istifadə etmək və beləliklə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa olunmasına mane olmaq. Bu da baş tutmayandan sonra Ermənistan Rusiyaya qarşı müxtəlif addımlar atmağa başladı. Qərb missiyalarının bölgəyə gəlməsi, eyni zamanda Qərblə əməkdaşlıq perspektivlərinin gücləndirilməsi, KTMT-də fəaliyyətin dondurulması prosesi və indi də bu istiqamətdə müəyyən formada fəaliyyətin davam etdirilməsi və.s NATO-nun Ermənistanda təlimlər keçirməsi də bu qəbildən olan məsələlərdəndir. Bunların heç bir ciddi əhəmiyyəti yoxdur və demək olar ki, perspektiv imkanları sıfıra bərabərdir. Ona görə də Ermənistan nə qədər bölgədə NATO təlimlərinin davam etmşinə çalışsa da, hesab etmirəm ki, Ermənistanın ordusunun NATO tərəfindən inkişaf etdirilməsi, yaxud NATO standartlarına keçilməsi və Ermənistanın hansısa dönəmdə NATO-ya üzv olması mümkün olsun. Bu, mümkünsüz görünür. İndiki Ermənistanın vəziyyətinə nəzər salsaq bunu bir daha görərik. Ermənistanın Rusiyadan qaz asılılığı 85%-a qədərdir. Eyni zamanda Ermənistan üçün kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya bazarlarının alternativi yoxdur. Bir sıra məsələlər də məsələlər də nəzərə alınmalıdır, xüsusilə orduda Rusiyanın təsir imkanları kifayət qədər yüksəkdir. Bütün bunlar onu göstərir ki, Ermənistanın KTMT-də fəaliyyətini dondurması onun birmənalı olaraq Qərbə inteqrasiya etməsi və ya NATO istiqamətində fəaliyyət göstərməsi ilə nəticələnməyəcək. Bunlar müvəqqəti xarakter daşıyır. Biz bundan sonra Ermənistanın həm Qərb, həm Rusiya ilə əməkdaşlığını davam etdirməsinin şahidi olacağıq. Təbii ki, Ermənistana Qərb tərəfindən də ciddi təzyiqlər var və KTMT-də fəaliyyətini dondurması da məhz bunun nəticəsidir. Ermənistanın yürütdüyü xarici siyasətə nəzər salsaq, həm Qərb, həm Rusiya ilə bağlı yürütdüyü siyasətdə müxtəlif addımların-bəzən geri çəkildiyinin, bəzən daha ciddi görünən addımların atıldığının şahidi oluruq. Bütün bunlar Qərb və Rusiya tərəfindən Ermənistana olan təzyiqlərin ifadəsidir. Ermənistanın KTMT-də fəaliyyətini dondurması, NATO təlimlərinin Ermənistanda keçirilməsi Ermənistan üçün ciddi dəyişikliklərlə nəticələnməyəcək. Biz, Ermənistanın ənənəvi siyasətini davam etdirəcəyinin şahidi olacağıq".

Qiymət Mahir, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31