Xankəndi siyasi, diplomatik nümayəndəliklərin olmayacağı bir şəhər kimi qalacaq- ÖZƏL
4 İyun 2024 21:11 Siyasət"Bildiyiniz kimi, Türkiyə Azərbaycanın Şuşa şəhərində diplomatik Baş konsulluq açmaq haqqında qərar verib və bu proses irəliləməkdədir. Rusiya da Şuşada, yaxud da o bölgəyə yaxın Ağdam şəhərində konsulluq aça bilər və əgər o bölgədə hansısa bir fəaliyyətlə məşğul olacaqsa, həmin ərazilərdə bu prosesi davam etdirə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Bundan ötrü gedib birbaşa Xankəndidə baş konsulluq açmağa ehtiyac yoxdur. Şuşada ,ya da rəsmi Bakının Azərbaycanın maraqlarına daha uyğun hesab etdiyi bir şəhərdə aça bilərlər. Amma mən inanmıram ki, Rusiya Xankəndində Baş konsulluq açmaq niyyəti reallaşmış olsun. Çünki Azərbaycan uzun onilliklərdən sonra Xankəndi şəhərini nəhayət ki, öz nəzarəti altına ala bilib. Azərbaycan bütün bölgədə, o cümlədən Xankəndidə öz suveren hüquqlarını bərpa edib və bütün bunlardan sonra yenidən Xankəndinin geopolitik mübarizə məkanına çevrilməsinə rəsmi Bakı imkan verməz. Yəni Xankəndi böyük ehtimalla siyasi, diplomatik nümayəndəliklərin olmayacağı bir şəhər kimi qalacaq və bundan ötrü başqa şəhərlər uyğun gələ bilər. Xüsusilə də Xankəndidə, hətta bütövlükdə Qarabağ bölgəsində Rusiya vətəndaşları yaşamır, ruslar yaşamır. Yəni Rusiyanın orada görə biləcəyi elə bir iş yoxdur. Böyük ehtimalla sadəcə Kremlin geopolitik maraqları üzərindən qurulmuş bir plandır və yaxud da Rusiyanın geopolitik hədəflərinə uyğun bir niyyətdir və baş tutma ehtimalı o qədər də inandırıcı görünmür".
Qiymət Mahir,Olaylar.az