Bu məsələ geniş şəkildə müzakirə olunmalıdır- ÖZƏL
4 İyun 2024 21:00 Siyasət"Moskva Azərbaycanın Xankəndi şəhərində baş konsulluq açmaq niyyətindədir".
Bunu Rusiya Federasiya Şurasının senatoru Qriqori Karasin deyib. O, Bakının bu prosesə yardım edəcəyinə ümid etdiyini bildirib.
Rusiyanın konsulluğu məhz Xankəndində açmasına nə ehtiyac var?
"Karasin özbaşına danışa bilməz. Onu danışdıran Kremlin rəhbərliyidir. Böyük ehtimalla Rusiyanın özünün də belə bir niyyəti var. Sadəcə olaraq əlinin altında olan siyasilər vasitəsiylə belə açıqlamalar verərək nəbz yoxlaması həyata keçirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Rusiya nəyə görəsə Xankəndi şəhərini əsas tutaraq orda konsulluq açmaq istəyir. Bu, müəmmalıdır. Bu məsələ Azərbaycan ictimaiyyətində uzun müddətdir müzakirə olunur. Bizim üçün qaranlıq qalan məsələ odur ki, Rusiya nə üçün Xankəndi şəhərində konsulluq açmaq istəyir. Çünki konsulluq diplomatik xidmət göstərilən bir yerdir. Hansısa dövlət öz əhalisi, vətəndaşı olan ölkədə konsulluq açır ki, onlara diplomatiya xidmətləri göstərsin. Xankəndində Rusiyanın vətəndaşları yoxdur. Bu məsələ geniş şəkildə müzakirə olunmalıdır. İşğaldan azad olunan bölgələrdə ilk diplomatik nümayəndəlik açmaq istəyən ölkə Türkiyə olub. Şuşa şəhərində Baş Konsulluq açmaq istəyirdi və onun da dəqiq vaxtı hələ bildirilməyib. Sadəcə olaraq Türkiyə belə niyyəti ifadə etmişdi. Rusiyanın Xankəndi şəhərində konsulluq açmaq istəməsi bir qədər müəmmalı məsələ olaraq qalır".
Qiymət Mahir, Olaylar.az